Kəşfiyyatçı olmaq arzusuna Vətən Müharibəsində çatdı - REPORTAJ

Şəhid Xalid Mahmud oğlu Hassan 1995-ci ildə Sumqayıt şəhərində anadan olub, uşaqlığı Qazaxıstanda keçib, birinci sinfə Bərdədə məcburi köçkünlər üçün salınmış “Ərəb” çadır şəhərciyində gedib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, bu bir cümlə şəhidimizin keşməkeşli taleyi haqqında fikir yaradır.

 

Çadır şəhərciyində keçən uşaqlığını özünə bağışlaya bilmirmiş Xalid. Bu səbəbdən də kəşfiyyatçı olmaq istəyirmiş. Atası xarici ölkə vətəndaşı olsa da, ana yurdu Ağdamı görməyə can atırmış. Hərbi xidmətini Ermənistanla sərhəddə, Tovuz rayonunda başa vurub. Hərbi xidmətdə olanda da kəşfiyyatçı olmaq üçün müraciət edib, lakin atasının əcnəbi olması bu arzusunu reallaşdırmağa imkan verməyib.

 

Vətən Müharibəsinin başlanması ilə əlaqədar qismən səfərbərlik elan olunanda Xalid ilk könüllü yazılanlardan olub. Lakin ona çağırış vərəqəsi gəlməyib. Anası Maya Quliyevadan xahiş edib ki, onunla birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə getsin: “Ağdamda döyüşmək istəyirdi. Nənəsi ona deyirdi ki, sən ərəbsən, get Ərəbistana. Nənəsinə deyirdi ki, mən səni aparacam Saybalıya. Aparacam görüm tanıyacaqsan kəndini, evini? Kəşfiyyat rəisi Nəsimi Şıxəliyev gələndə Xalid çıxıb qabağa, deyib ki, mən kəşfiyyatçı olmaq istəyirəm. Çıxan kimi mənə zəng vurdu ki, kəşfiyyatçı oldum. Çünki həmişə zarafatla deyirdi, sən bir azərbaycanlı tapıb ərə gedə bilmirdin ki, mən kəşfiyyatçı olam”.

 

Nənəsi Şamama Quliyeva deyir ki, nəvəsi onu Saybalı kəndinə aparacağına dair söz veribmiş: “Xalid mənim birinci nəvəmdir. Xalid çox mehriban, sözünə düz oğlandır. Bir yalan sözü oldu, o da mənə söz vermişdi ki, səni aparacam Saybalı kəndinə, evinə, sözünə düz çıxmadı, məni aparmadı. İndiki cavanlar 1992-1993-cü ildə edə bilmədiklərimizi elədilər. Sinələrini sipər elədilər ermənilərə. Bəzən mənə deyirlər ki, gedib o yerlərdə yaşaya bilərsən? Bəli, yaşaya bilərəm. Mən gedib Xankəndində yaşayacağam. O oğlanların qanı ondan ötrü tökülüb. Getməyəcəkdiksə, sahib çıxa bilməyəcəyiksə, o qanlar niyə tökülməli idi ki?”

 

Anası deyir ki, Xalid noyabrın 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub: “Evdən zəng gəldi ki, evə qayıtmırsan. Biz ora çatanda atışma gedirdi. Elə bildim yenə qapımıza mərmi düşüb. Evə qaydanda bildim... Deyəndə ki, kəşfiyyata yazılmışam, ondan bilirdim. Çünki onun çırpınışını görürdüm. Gecə səhərə kimi ön cəbhədəki hərbçilərə dəstək olurdu. 27 sentyabrdan əsgərə getdiyi günə kimi ancaq hərbçilərin yanında oldu”.

 

Şəhidin atası Mahmud Hassan deyir ki, bütün şəhidlər  Vətən uğrunda canlarından keçiblər: “Allah rəhmət eləsin. İnşallah, hamısının yeri cənnətdir. Hamısı əzizdir, hamısı Azərbaycan torpağı istədilər, qaytardılar”.

 

Xalid Hassan ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Yaşasaydı, yanvarın 26-da 26 yaşı tamam olacaqdı. Lakin ailəsi və dostları doğum gününü ilk dəfə olaraq onsuz qeyd ediblər - Ağdamın Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanında.

 

Cənnətdəki ilk doğum günün mübarək, Şəhidim!

 

Habil Aslanoğlu,

Ziya Quliyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv