Atasının ölümündən 4 ay sonra dünyaya gələn Alparslan - REPORTAJ
44 günlük Vətən Müharibəsi Qəhrəmanlarının hər birindən geriyə bir xatirə qaldı. Kiminin keçdiyi döyüş yolu, kiminin qəhrəmanlıq hekayələri, kiminin yarım qalan arzuları, kiminin də özündən sonra dünyaya gələn övladları.
APA TV xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı, baş gizir kimi fəaliyyət göstərən şəhid Camal Vidadi oğlu İsmayılovun da özündən sonra doğulan körpə Alparslanı və iki qızı əmanət qalıb.
Şəhidin yeni doğulan körpəsi Alparslan bu gün Azərbaycan bayrağının, Dövlət himinin sədaları altında paytaxt xəstəxanalarından birindən evinə yola salınıb. Balaca Alparslanı qarşılamağa "Vətən Müharibəsi Qəhrəmanı"nın ailə üzvləri, qohumları ilə yanaşı, hərbiçi dostları da gəlib.
Əslində Camal İsmayılov 10 ildir yolunu gözlədiyi övladı üçün arzularda qurubmuş. İki qızı olan Camal oğul övladı olacağını biləndə elə oradaca körpəsinin adını Alparslan qoyub. Adı kimi igid, qəhrəman bir oğul olacağını arzulayan şəhid Camal İsmayılov Alparslanın onun yolunu davam etdirməsini istəyib.
Atasının ölümündən dörd ay sonra dünyaya göz açan balaca da sanki “bir ölüb min dirilirik” mesajını verirdi:
Körpənin anası Fatimə İsmayılova Camalın oğlu ilə bağlı arzusunun olduğunu deyir: “Balaca Alparslan 3 kq 700 qramdır. Atası kimi boyu uzundur. Onun kimi də igid olacaq. 18 ildən sonra atasının yolunu davam etdirəcək. Atası kimi hərbiçi olacaq. Bu atasının arzusu idi”.
Ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma elə insanlar var ki, onlar ölmür. "Vətən Müharibəsi Qəhrəmanı"nı adına layiq görülən Camal İsmayılov da cismən ailəsinin yanında olmasa da, bu gün ruhu şaddır. Şəhid Camalın atası Vidadi İsmayılov deyir ki, Qəhrəmanın igid balasının dünyaya gəlməsindən böyük qürur ola bilməz: “Adını özü qoydu Alparslan. Adı ilə böyüsün. Qürur duyuram. Qəhrəmanın qəhrəman balası dünyaya gəlib. Onun bu gün silahdaşlarını burda görmək mənə qürurvericidir. Allah bu körpə balaya uzun ömür versin, atasına layiq övlad olsun”.
Oktyabrın 19-dan 20-nə keçən gecə Camal İsmayılov 16 cəngavər yoldaşı ilə birgə Laçın dəhlizi və Laçın dəhlizinə nəzarət edən yüksəkliyi fəth edib, düşmənə ağır zərbə vurublar. Camal İsmayılov üçün bu sonuncu döyüş olub. İsmayılov orada düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə yüksəlib. Onun şəhid olması xəbərini anası Filarə xanım öz doğum günündə - oktyabrın 21-də alıb: “Balamın balası gəlir bu gün. Böyük bala olsun. Atası kimi məğrur, igid, qeyrətli, Vətəni sevən olsun. Həmişə bilsin ki, “Vətən Müharibəsi Qəhrəmanı”nın övladıdır”.
Xalasının dediyinə görə Camal öz valideynlərinə, ailəsinə, uşaqlarına çox bağlı olub: “Allah bütün şəhidlərə rəhmət eləsin, mənim Camalım da onların içində. Camal tapşırmışdı ki, mən öləndən sonra başınızı dik tutun ağlamayan. Qızım Camalın nəşi gələndə bətnində Alpasrlanla birgə girmişdi tabutun altına. Dedi qoy balası atasını çiynində aparsın”.
Həyatda ona qucaq açacaq atasını görmək nəsib olmasa da ondan miras qalmış Vətən sevgisi, şücaət balaca Alparslanı daim mətin və mərd övlad kimi böyüdəcək. İndi o bir Camalın deyil bir Vətənin, bir dövlətin, bir millətin övladıdır:
“Yaşat” Fondunun əməkdaşı Sevinc Orucova Alparslana bundan sonra ediləcək yardımlardan danışır: “Həm “YAŞAT” Fondunun himayəçilər şurası adından, həm də “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi adından biz bu gün Alparslan balanı qarşılamağa gəlmişik. İnanırıq ki, atası kimi Vətənə Millətə xeyirli övlad olacaq. “Biz bir ölüb min dirilirik”. Bundan sonra da bizim şəhidlərimizin bir neçəsinin övladı dünyaya gələk. Hər birini qarşılamaq qürurvericidir”.
Qeyd edək ki, “YAŞAT” Fondu tərəfindən daha 2 şəhidimizin yeni doğulan övladlarının, şəhidimiz Şəhriyar Ağamalıyevın övladı Şəhrinurun və şəhidimiz Camal İsmayılovun övladı Alparslanın zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait. Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşlərində iştirak edən Camal İsmayılov göstərdiyi şücaətə görə üçüncü dərəcəli medal ilə təltif olunub. Hərbi peşəkarlığını artırmaq üçün bir neçə ölkədə, o cümlədən, Türkiyədə, Gürcüstanda xüsusi təlimlər keçib.
Ölümündən sonra Camal İsmayılov "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.