Atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərimizin sayı açıqlandı

“Ermənistanın insanlıq əleyhinə cinayətləri nəticəsində 10 minə yaxın soydaşımız öldürülüb, 20 mindən artıq şəxs yaralanıb, 5 mindən çox insan əsir və girov götürülüb”.

 

APA TV-nin məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

 

Onun sözlərinə görə, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində insanlıq əleyhinə törədilmiş cinayətlər üzrə 305 şəxsin Cinayət Məcəlləsinin soyqırımı, deportasiya və digər maddələrlə nəzərdə tutulan cinayətləri sübuta yetirilib, cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilib. Həmin şəxslərdən iki nəfər - Arsen Baqdasaryan Ağdamda, Karen Dasaryan isə Qazaxda terror və digər ağır cinayətlər törətdiyinə görə, cinayət məsuliyyətinə cəlb edilib, məhkəmələr tərəfindən müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmələrinə dair hökmlər çıxarılıb.

 

Emil Tağıyevin sözlərinə görə, hazırda Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində erməni millətçiləri tərəfindən sülh və insanlıq əleyhinə həmçinin müharibə cinayətlərinin araşdırılması, zərər dəymiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, həmin cinayətlərdə iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər davam etdirilir: “Həmin cinayət işlərinin istintaqı zamanı 39 nəfər Xocalı soyqırımı üzrə, 12 nəfər Qaradağlı, 47 nəfər Kərkicahanda törədilən əməllərə, 18 nəfər Bağanis Ayrım, 3 nəfər terror cinayətləri,  35 nəfər əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncələrə görə, ümumilikdə isə 305 şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin deportasiya, işgəncə, soyqırımı, müharibə adət və qanunlarını pozmaq, həmçinin digər maddələrdə nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və axtarışların təmin edilməsi üçün sənədlər müvafiq təşkilatlara göndərilib.

 

Bundan başqa Hərbi Prokurorluğun şöbə rəisi həm Serj Sərkisyan, həm Robert Köçəryan barədə 1988-1992-ci illərdə Dağlıq Qarabağda azərbaycanlı əhalisinə qarşı zorakılıq və  törədilən cinayətlərlə bağlı cinayət işləri olduğunu qeyd edib. O, bildirib ki, Xocalı soyqırımı ilə bağlı 39 nəfər barəsində İnterpola müraciət edilib. Həmin şəxslərdən indiyə qədər saxlanılanlar yoxdur.

 

Xocalı soyqırımı ilə bağlı məsələyə Beynəlxalq Cinayət Məhkəməsində baxılmamasına aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə qeyd edib ki, Xocalı faciəsi 1992-ci ildə baş verib, Beynəlxalq Cinayət Məhkəməsi isə 2002-ci ildə yaradılıb. Bu günə qədər nə Azərbaycan, nə Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir. Ona görə də Xocalı ilə bağlı ancaq milli səviyyədə həmin şəxslər barəsində cinayət işi açılıb. 

 

Konfrans çərçivəsində həmçinin Azərbaycanın atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərinin sayı açıqlanıb. Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev bildirib ki, atəşkəs dövründə 856 şəhid və yaralanan hərbçimiz var.

 

Elvin Paşazadə, Musa Qulammirzəyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv