ATƏT-in koordinatoru: “Seçkini rahat izləmək üçün bütün imkanlar yaradılıb”
“Azərbaycanda növbədənkənar parlament seçkilərini 41 ölkədən 358 müşahidəçi müşahidə edir. Seçki müşahidəsi ümumi praktikadır və biz bütün ATƏT ölkələrində seçkilərdə müşahidələrimizi aparırıq”.
APA TV-nin xəbərinə görə, bu barədə ATƏT-in qısamüddətli missiyasının xüsusi koordinatoru Artur Gerasimov deyib.
Onun sözlərinə görə, müşahidə missiyası bu yaxınlarda Belarus və Özbəkistanda keçirilən seçkilərdə müşahidə aparıb: “Müşahidə missiyamız Azərbaycan hökuməti tərəfindən dəvət olunub. Bu, ATƏT-ə üzv ölkələrin prinsip və öhdəlikləri ilə bağlıdır. Seçki günündən öncə beynəlxalq müşahidə missiyasının üzvləri Mərkəzi Seçki Komissiyası, vətəndaş cəmiyyətinin nümayəndələri, siyasi partiyalar və namizədlər ekspertlərlə görüşüb və məlumatlandırılıb”.
Koordinator bildirib ki, beynəlxalq müşahidə missiyasının üzvü olan yüzlərlə müşahidəçi Bakıda, Gəncədə, Sumqayıtda və digər regionlarda seçkiləri izləyir: “Müşahidələrimizi yekunlaşdırdıqdan sonra biz sabah əlimizdə olan məlumatlara əsasən mətbuat konfransı keçirəcəyik. Bu anadək özüm bir neçə məntəqədə olmuşam. Onu deyə bilərəm ki, bizim bütün prosesi rahat izləməyimiz üçün bütün imkanlar yaradılıb, mən özüm heç bir təzyiqlə qarşılaşmamışam. Biz bütün qeydlərimizi götürmüşük”.
Qeyd edək ki, ATƏT-lə yanaşı, Avropa Şurası Parlament Assambleyasının qısamüddətli müşahidə missiyasının üzvləri Bakı şəhəri Xətai rayonu 36 saylı Xətai 4-cü Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində səsvermə prosesini izləyib.
Səfər Əlizadə
Faiq Həsənov
APA TV