ATƏT və AŞPA müşahidəçiləri parlament seçkiləri ilə bağlı rəyini açıqlayıb
“AŞPA-nın nümayəndəsi olaraq parlament assambleyanın 5 qrupunu təmsil edirik”.
APA TV-nin məlumatına görə, bunu AŞPA Müşahidə Missiyasının rəhbəri Frank Şvabe deyib.
Frank Şvabe bildirib ki, seçkilərə hazırlıq prosesini qiymətləndiriblər: “Öncə seçkiləri izləmək üçün bizi dəvət etdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Seçkilərə hazırlıq prosesində müəyyən irəliləyişlərə baxmayaraq, səslərin hesablanmasında yol verilən pozuntular var”.
O vurğulayıb ki, səslərin hesablanması ilə bağlı prosesdə qanun pozuntuları müşahidə edilib: “Mən 30 Saylı Seçki Dairəsində 10 saylı məntəqədə bunu müşahidə etmişəm. Həmkarlarım da bəzi dairələrdə eyni halla üzləşiblər. Avropa Məhkəməsinin qərarlarının təmin olunmaması İlqar Məmmədov və digərlərinin seçkidə iştirakının qarşısını almışdı”.
ATƏT-in qısamüddətli seçki müşahidə missiyasının xüsusi koordinatou Artur Gerasimov isə bildirib ki, ATƏT DTİHB və AŞPA-nın uzunmüddətli müşahidə missiyası və 300-dən çox müşahidəçi ölkə üzrə müşahidə aparıb. “Biz ölkənin üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə əməl etməsini qiymətləndiririk, onun iqtisadiyyatını və siyasətini qiymətləndirmirik. Müşahidələr ölkənin bu sahədə fəaliyyətini yaxşılaşdırmalıdır”.
Artur Gerasimov qeyd edib ki, seçkidə çoxlu sayda namizədin iştirak etməsinə baxmayaraq, bəzi perspektivli namizədlərə iştirak imkanı verilməyib. “Namizədlərin qeydiyyatı inklüziv olub. Seçicilər məlumatları sosial mediadan alıblar, lakin bu, ənənəvi mətbuatın rolunu əvəz etmir. Mərkəzi Seçki Komissiyası şəffaf fəaliyyət göstərmək üçün çalışıb. Bununla belə, bəzi prosedur qaydalar pozulub”.
ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Elena Hoca-Qjebrea isə bildirib ki, onların 57 müşahidəçisi Gəncə, Sumqayıt, İsmayıllı, Bakı və digər rayonlarda müşahidə aparıb:
“Müşahidəçilərimizə xoş münasibət vardı. Mən həmçinin yerli müşahidəçilərin öz işlərinə sadiqliyini də vurğulamalıyam. Amma təəssüf edirəm ki, ölkədəki 55 siyasi partiyanın heç birində qadın rəhbər yoxdur. Parlamentin komitələrində cəmi 15 qadın təmsil olunur. Biz Azərbaycanı siyasi həyatda qadınların aktiv iştirakını təmin etməyə çağırırıq. O cümlədən gənclərin demokratik proseslərdə aktiv iştirakının vacib olduğunu qeyd edirik”.
Elena Hoca-Qjebrea davamlı səylər və əməkdaşlığın fundamental məsələlərin həllinə şərait yaradacağını da sözlərinə əlavə edib.