Avqustun 25-dən sentyabrın 4-dək "Dəniz kuboku" Beynəlxalq müsabiqəsi keçiriləcək
Artıq 4-cü ildir ki, Azərbaycanın dəniz sularında "Dəniz kuboku" Beynəlxalq müsabiqəsi keçirilir.
APA TV-nin məlumatına görə, bu il də avqustun 25-dən sentyabrın 4-dək "Beynəlxalq Ordu Oyunları - 2020" yarışları çərçivəsində həmin müsabiqə təşkil olunacaq.
COVID-19 virusu ilə əlaqədar Qazaxıstan və İran komandaları müsabiqəyə qatıla bilməsə də yarışmada iştirak etmək üçün avqustun 17-də Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala" gəmisi Bakıya gəlib. Azərbaycan tərəfindən isə "G-122" gözətçi gəmisi müsabiqədə iştirak edəcək.
Artıq avqustun 19-da "Dəniz kuboku" beynəlxalq müsabiqəsinin hakimlərinə hakimlik hüququ verən sertifikatlar və qol sarğısı təqdim edilib.
Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Sübhan Bəkirovun sözlərinə görə, Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasındakı razılaşmaya əsasən, yarışma 4 ildir ki, paytaxtın Hərbi Dəniz Qüvvələrinin bazasında keçirilir: “Pandemiya ilə əlaqədar İran və Qazaxıstan dəniz qüvvələri yarışda iştirak etməsələr də, Azərbaycan və Rusiya dəniz qüvvələri müsabiqənin keçirilməsinə qərar verib. Müsabiqə 6 mərhələdən ibarətdir. Bunlar dəniz hədəflərinə qarşı artilleriya atışları, hava hədəflərinə qarşı artilleriya atışları, üzən minaya qarşı artilleriya atışları, sahil təlim-məşq kompleksində su əleyhinə davamlılıq uğrunda mübarizə, xilasedici vasitələrin istifadəsi, dəniz vərdişləridir".
Müsabiqənin keçirilməsi Xəzər dənizində sülhün möhkəmləndirilməsi, dostluq əlaqələrinin inkişaf etdirilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Rusiya Hərbi Dəniz Donanması (HDD) komandanının müavini, vitse-admiral Vladimir Kasatonov isə yenidən Azərbaycana səfər etdiyi üçün şad olduğunu qeyd edib. Bildirib ki, dünyada pandemiyanın tüğyan etməsinə baxmayaraq, yarışın keçirilməsinə qərar verilib: "Dəniz kuboku" yarışları bizim dostluq və dəniz qardaşlığımızın rəmzidir. Biz bu yarışlar zamanı digər dövlətlərin dəniz qüvvələrinin ötən yarışdan sonra nə qədər inkişaf etdiyini görə bilir, öz bacarıqlarımızı daha da inkişaf etdiririk".
V. Kasatonov vurğulayıb ki, yarışların şərtləri ildən-ilə inkişaf edir. O, hesab edir ki, gələcəkdə yarışların şərtləri dəyişərək daha da təkmilləşəcək, və uzun illər davam edərək həm də dostluğumuzu gücləndirəcək.
Elvin Paşazadə, Üzeyir Ağayev, APA TV