“Avrasiya bağlantısı və COVID-19 pandemiyası dövründə Orta dəhlizin artan rolu” - VEBİNAR KEÇİRİLDİ
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Avrasiya bağlantısı və COVID-19 pandemiyası dövründə Orta dəhlizin artan rolu” adlı beynəlxalq vebinar keçirilib.
APA TV xəbər verir ki, vebinara moderatorluq edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın da digər dünya dövlətləri kimi COVID-19 pandemiyasının nəticələrindən əziyyət çəkdiyini və bu böhranın qlobal təchizat zəncirinə mənfi təsir göstərdiyini bildirib. Lakin o, nəqliyyat nöqteyi-nəzərindən bu müddət ərzində Azərbaycan ərazisindən keçən yükdaşımalarda artım müşahidə olunduğunu diqqətə çatdırıb. Fərid Şəfiyev əlavə edib ki, nəqliyyatla bağlı fərqli layihələr icra olunur və Azərbaycan da diqqətini bir sıra, o cümlədən Orta dəhliz layihəsinə yönəldib. Layihə iqtisadi üstünlüklərlə yanaşı siyasi əhəmiyyətə malikdir.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin direktor müavini Əkbər Kərimov isə pandemiya dövründə Ələt limanında həyata keçirilmiş sanitar-epidemioloji tədbirləri barədə danışıb. Onun sözlərinə görə, yalnız virusa yoluxmayan sürücülər steril zonaya daxil ola bilər.
Daha sonra çıxış edən Qazaxıstanın “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” Beynəlxalq Assosiasiyasının baş katibinin müavini Leila Batırbekova, Türkiyənin Kadir Has Universitetinin prorektoru Mitat Çelikpala, Özbəkistan prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun direktor müavini Sancar Vəliyev, Türkmənistanın Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə birinci katibi Ovazgeldi Cumanazarov və digərləri Orta dəhlizin inkişafında və məhsulların daha çox ölkələrə çatdırılmasında Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu xüsusi vurğulayıblar. Onlar bu layihələrin okeana çıxışı olmayan ölkələr üçün belə yaxşı fürsətlər açacağını qeyd ediblər.