Avtobuslarda cibgirlik edən qardaşlar tutuldu - APA TV

 

Avtobuslarda cibgirlik edən qardaşlar tutuldu - APA TV Paytaxt rayonlarında polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı avtobuslarda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən APA TV-yə verilən məlumata görə, onların əvvəllər də dəfələrlə məhkum olunmuş Elnur, Faiq və Ruslan Süleymanov qardaşları olduğu müəyyən edilib. Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonunda müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin ümumilikdə 6000 manatdan artıq pul, mobil telefon və qiymətli zinət əşyalarını taladıqları üzə çıxıb. Qeyd edilib ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv