Avtomobil sahibləri artıq heç yerə getmədən etibarnaməni rəsmiləşdirə biləcək – YENİ TƏTBİQ

Avtomobilinin etibarlılıq müddəti bitən sürücülər etibarnamələrini heç yerə getmədən rəsmiləşdirə biləcəklər. Bu məqsədlə ədliyyə xidmətlərinə əlçatanlığı asanlaşdırmaq üçün mobil notariatın imkanları genişləndirilib. Belə ki, əhaliyə yeni – nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi xidməti təqdim olunur:

 

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin əməkdaşı Zaur Həsənovun sözlərinə görə, pandemiya dövründə vətəndaşları daha çox narahat edən məsələlərdən biri etibarnamələrin müddətinin bitməsi ilə əlaqədar idi:

 

“Belə ki, nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin etibarlılıq müddəti qanunvericiliyə əsasən bir il müddətində qüvvədə qalır. Xüsusi karantin dövrünə təsadüf edən və qüvvədən düşən etibarnamələrin müddətinin uzadılması məqsədilə Ədliyyə Nazirliyinə bir çox müraciətlər daxil olurdu. Bu məqsədlə vətəndaşların evlərini tərk etmədən mobil notariat tətbiqi vasitəsilə bu etibarnamələrin elektron qaydada verilməsi imkanı yaradıldı”.

 

Bu xidmət mülkiyyətçi və ya etibarnamə əsasında onu təmsil edən şəxsin avtomobilinin satılması, bağışlanması, dəyişdirilməsi, ipotekaya qoyulması, icarəyə verilməsi, daxili işlər orqanlarında qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması üzrə səlahiyyətlərin seçim üzrə bütünlüklə yaxud qismən digər şəxsə verilməsini təmin edir.

 

Yeni mobil tətbiq vasitəsilə, avtomobil sahibləri, o cümlədən ölkədən kənarda olan vətəndaşlar mülkiyyətçisi olduğu nəqliyyat vasitəsinə dair etibarnaməni heç yerə getmədən onlayn qaydada verə biləcəklər.

 

Fasiləsiz rejimdə göstərilən yeni xidmətin əsas özəlliyi ilk dəfə olaraq etibarnamələrin rəsmiləşdirilməsində videoyazı vasitəsindən istifadə edilməsidir. Bu da sui-istifadə və vətəndaşların əmlak hüquqlarının pozulmasının qarşısını almağa xidmət edəcək:

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin əməkdaşı Zaur Həsənov deyir ki, istifadəçilər mobil notariat tətbiqində müvafiq məlumatları daxil etməklə etibarnamənin məzmunu, yəni etibarnamə üzrə öz iradə ifadəsini video yazıya keçirərək müraciətlərini notariusa göndərirlər.

 

“Həmin etibarnamələrə görə ödəniş isə  “ASAN” ödəniş sistemi vasitəsilə həyata keçirilir. Notarius tərəfindən müraciət qəbul olunaraq etibarnamə rəsmiləşdirilir. Rəsmiləşdirilən etibarnamə barədə məlumat həm istifadəçinin mobil kabinetinə, həm də DYP orqanlarına da elektron formada ötürülür”.

 

Bundan başqa tətbiq üzərindən şəxsin nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamələrin verilməsi, eləcə də şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin mobil cihazda saxlanılması, sənədin qüvvədən düşməsi barədə məlumatın dərhal alınması və elektron versiyasından istifadə edilməsi mümkündür.

 

Tətbiq vasitəsilə respublika ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri və notariuslar barədə məlumat əldə etmək, eləcə də ofislərin 360 dərəcə görüntüsünü nəzərdən keçirtmək olur. Həmçinin burada notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli vəsaitin məbləğləri, tələb olunan sənədlər və notariat əməliyyatında iştirak etməli şəxslər barədə ətraflı məlumatlar yerləşdirilib.

 

Tətbiq edilən yeni xidmətdən nəqliyyat vasitələrinin mülkiyyətçiləri mobil telefonların App Store və Google Play satış platformalarından “Mobil notariat” tətbiqini ödənişsiz yükləməklə, istifadəçi olanlar isə proqramı yeniləməklə rahatlıqla istifadə edə bilərlər.

 

İstifadəçilər həftənin 7 günü 24 saat ərzində bu xidmətdən yararlana bilərlər.

 

Qeyd edək ki, ötən ildən “Mobil notariat” telefon tətbiqi vasitəsilə vətəndaşlara notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə edilməsinə dair, həmçinin vəkillərə verilən və sosial etibarnamələrin elektron qaydada rəsmiləşdirilməsi imkanı yaradılıb. Bu tətbiq vasitəsilə həmin xidmətlərdən qısa müddətdə on minlərlə insan yararlanıb.

 

Elvin Paşazadə,

Üzeyir Ağayev,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv