Avtomobil Yolları Dövlət Agentliyi işçi axtarır - 700 NƏFƏR

Koronavirus pandemiyası dövründə ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə dəstək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 700 nəfərə yaxın yerli əhalinin fəhlə ştatı üzrə işə qəbuluna başlayır.

 

Bu barədə APA TV-yə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

 

Onun sözlərinə görə, həmin şəxslər Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikintisi işlərində çalışmaq imkanı yaradılacaq.

 

Sözügedən avtomobil yollarında həyata keçirilən yenidənqurma və tikinti işlərinə yalnız yolların keçdiyi ərazilər üzrə - Siyəzən, Şabran, Xaçmaz və Qusar rayon Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar cəlb olunacaqlar.

 

Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, vətəndaşlar AAYDA-nın Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və subpodratçı təşkilatların nümayəndələrinə müraciət edə bilərlər: “Vətəndaşlar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Zarat (Siyəzən) – Gəndob (Şabran) hissəsində, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikintisinin aparıldığı ərazilərdə olan AAYDA-nın Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və subpodratçı təşkilatların nümayəndələrinə müraciət edə bilərlər”.

 

Qeyd edək ki, işsiz vətəndaşlar daimi deyil, yalnız sözügedən yolların tikintisi dövrü üçün müqavilə əsasında yol tikintisi işlərinə cəlb ediləcəklər.

Müəllif | Apa.Tv
Apa.tv