Avtomobilin GPRS sistemi söndü, yol kənarında sahur edən şəxsləri VURDU
Bu il aprelin 27-də Qaradağ rayonu Ələt qəsəbəsində idarə etdiyi “Chevrolet” markalı avtomobillə yol kənarında dayanmış şəxsləri vurub öldürən 1995-ci il təvəllüdlü Əsədzadə İbrahim Qaraş oğlu məhkəmə qarşısına çıxarılıb.
APA TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 27 yaşlı şəxs Cinayət Məcəlləsinin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sürücülük hüququ olmayan şəxs tərəfindən pozma – 2 və ya daha artıq şəxsin ölümünə səbəb olduqda maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, hadisə vaxtı Ramazan ayı ilə əlaqədar SOCAR-da işləyən 1984-cü il təvəllüdlü Emil Qurbanov və 1967-ci il təvəllüdlü Səyavuş Cəfərov “Mercedes” markalı avtomobili yol kənarında saxlayıblar. Onlar maşından düşərək baqaj hissədə sahur yeməyi yeməyə başlayıblar. Bu zaman İbrahim Əsədzadə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet Camaro”nu yol kənarına çıxararaq onlara çırpıb. Nəticədə Emil Qurbanov və Səyavuş Cəfərov hadisə yerində ölüb.
Araşdırmalar zamanı məlum olub ki, qəzada həlak olan şəxslər gecə vaxtı SOCAR-ın Təhlükəsizlik İdarəsində əməkdaşları yoxlamağa gedirmiş. Hadisə vaxtı onların yanında digər əməkdaş da olub. Həmin şəxs təsadüf nəticəsində sağ qalıb.
Məhkəmədə İbrahim Əsədzadə hadisə vaxtı dostunun kirayə götürdüyü “Chevrolet Camaro” markalı avtomobili sürdüyünü, həmin hadisədən əvvəl Şirvan şəhərinə getdiyini və qısa vaxt sonra yenidən Bakı istiqamətinə geri qayıtdığını bildirib. O deyib ki, Ələtə çatanda avtomobilin GPRS (radiorabitə) sistemi qəfil söndürülüb və nəticədə maşın idarəetmədən çıxıb.
Vəfat edən şəxslərin ailə üzvləri hadisəni törədən sürücüyə ağır cəza verilməsini xahiş ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 27 yaşlı İbrahim Əsədzadəyə 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 10 il həbs cəzası verilib.