Avtoyuma məntəqəsində maşın qəfildən alışdı, sürücü yandı

Gəncədə avtoyuma məntəqəsində baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

 

İkimərtəbəli tikilinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsində olan "Hyundai" markalı minik avtomobili anidən yanıb. Hadisə zamanı avtomobil yararsız hala düşüb.

 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın söndürülərək yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.

 

Hadisə zamanı avtomobilin sahibi Habil Məmmədov yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Hadisənin səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv