Aya uçmaq istəyiriksə, Azərbaycanla düşmən olaq - Erməni professor
“Ermənistanın Aya köçmək niyəti yoxdusa, Türkiyə və Azərbaycanla birgə yaşamağı öyrənməlidir”.
APA TV xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin Siyasi təsisatlar və proseslər kafedrasının müdiri, professor Qarik Keryan söyləyib.
3+3 platformasının önəmindən danışan ekspert bildirib ki, bu platforma Ermənistan üçün yeni şanslar yaradır. O bildirib ki, müstəqilliyini bərpa etdiyi 30 il ərzində Ermənistan Dağlıq Qarabağ münaqişəsinə görə, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı istisna olmaqla, bütün regional əməkdaşlıq platformalarından kənarda qalıb. Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı isə “yarı ölü təşkilat”dır. Buna görə də Keryan hesab edir ki, Ermənistan “regional təcriddən” çıxmaq üçün 3+3 platformasında iştirak etməlidir və regional inteqrasiya üçün “maneəçi amil” kimi görünməməlidir.
Sitat:
“Doğrudur, bu platformada bizim üçün düşmən ölkələr olan Türkiyə və Azərbaycan da var. Biz öz aləmimizdə onları cəzalandırmaq istəsək və platformaya qoşulmasaq, uşaq sadəlövhlüyü etmiş olarıq. Onlar harada olurlarsa olsunlar, biz də orda olmalıyıq. Bu görüşmək, danışmaq və nəyisə müzakirə etmək üçün əlavə platformadır. Bir ekspert kimi xarici siyasətimizlə bağlı konsepsiyam ondan ibarətdir ki, Ermənistan burada sağ qalmaq və Aya uçmamaq istəyirsə, regiondakı bütün qonşuları ilə birgə yaşamaq qaydaları tapmalıdır. Yox, Aya uçmaq istəyirsə, o zaman problem yoxdur. Həqiqət ortadadır. Bu regionda sağ qalmaq istəyiriksə, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Rusiya ilə birgə yaşamaq qaydalarını tapmalıyıq” - deyə, Keryan bildirib.