Ayətullah qətlə yetirildi

İranın Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani bu gün, aprelin 26-da Babolsər şəhərində silahlı hücum zamanı öldürülüb. İranın “Tasnim” agentliyinin məlumatına görə, bu haqda Mazandaran valisinin siyasi-təhlükəsizlik üzrə müavini Ruhullah Sələqi məlumat verib. O qeyd edib ki, İran Milli Bankının Babolsər filialında bank məsələlərini həll etməkdə olan Ayətullah Süleymani silahlı şəxsin hücumuna məruz qalıb və dünyasını dəyişib. Agentliyin məlumatına görə, şahidlərdən biri hadisənin təfərrüatları barədə deyib:

Sitat: “Ayətullah Süleymani bankda oturarkən hücum edən şəxs bankın mühafizəçisinin silahını qəfil ələ keçirib ona atəş açıb. Hadisə nəticəsində daha üç nəfər yaralanıb”. Sitatın sonu

Qeyd edək ki, qətlə yetirilən din xadimi İranın ali rəhbəri Əli Xameneyinin Sistan və Bəluçistan əyalətindəki keçmiş nümayəndəsi və etnik bəluçların yaşadığı Zahidan şəhərinin sabiq imam-cüməsi olub. Qatilin təhlükəsizlik qüvvələri tərəfindən artıq həbs edildiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv