AYİB-in müdirlər şurasının 29-cu illik toplantısı keçirilib
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) üzv ölkələrin nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə videokonfrans formatında Bankın Müdirlər Şurasının 29-cu illik toplantısı keçirilib.
APA TV xəbər verir ki, Müdirlər Şurasının plenar sessiyasında AYİB-ə üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib.
Tədbirdə çıxış edən AYİB-də Azərbaycandan müdir, İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, AYİB-in hər zaman ölkəmiz üçün etibarlı və önəmli tərəfdaş olduğunu vurğulayıb. İqtisadiyyat naziri koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq məqsədilə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi dəstək tədbirləri barədə də məlumat verib. Qeyd edilib ki, Azərbaycan yeni çağırışları adekvat qarşılamaq üçün kifayət qədər resurslara malikdir, eyni zamanda beynəlxalq maliyyə institutlarının, o cümlədən AYİB-in təklif etdiyi dəstək tədbirlərini də dəyərləndirir. Bu baxımdan, AYİB-in “Həmrəylik Paketi” xüsusilə qeyd edilməlidir.
Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycanın regional inkişaf təşəbbüslərinə baxmayaraq, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti bölgədə iqtisadi əməkdaşlığın genişləndirilməsinə, iqtisadi potensialın tam reallaşmasına ciddi maneələr yaradır. Ermənistan bu ilin sentyabrın 27-dən Azərbaycana qarşı növbəti təxribatlara başlayıb. İşğalçı ölkənin əsas hədəfi isə mülki əhali və obyektlərdir. Ölkəmizin vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquq çərçivəsində apardığı əks-hücum əməliyyatı Azərbaycanın öz ərazisində həyata keçirilir. Bir daha diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir.
Toplantıda AYİB-in 2021-2025-ci illər üzrə Strateji və Kapital Çərçivəsi təsdiq edilib, Bankın Müdirlər Şurasının növbəti il üzrə institusional tərkibi müəyyənləşdirilib.