Aylardır işlədib, maaşlarını vermirlər: - FOTO
Gördüyünüz vətəndaşlar “Maqro Construction MMC”dən halalca maaşlarını aylardır ala bilməyən kiçik sahibkarlardır. Deyirlər ki, 2023-cü ilin sentyabr ayından əməkdaşlıq etdikləri şirkətə dəfələrlə müraciət etsələr də, həmişə onlara maaş yerinə, yalan vədlər verilib. Fərid Gülmalıyev bildirir ki, şikayətçi sahibkarların hamısı rəsmi şəkildə fəaliyyət göstərirlər. Vəziyyətlə bağlı həm özlərinin, həm də işçilərinin pis vəziyyətdə qaldığını deyən Fizuli İsmayılov bildirir ki, məsələ ilə bağlı Prezident Administrasiyasına da yazılı müraciət ediblər. Məsələ ilə bağlı “Maqro Construction” MMC ilə də əlaqə saxladıq. Qurum rəsmiləri öncə müsahibə verməkdən boyun qaçırsalar da, yazılı məlumat verməyə razılaşdılar. Məlumatda isə qeyd olunub ki, şirkətin maliyyə çətinlikləri yaranıb. Buna görə də yaranmış problemin həlli istiqamətində işlər görülür və 20 iyun tarixindən etibarən yığılmış borcların hissəli ödənilməsinə başlanılıb. Şikayətçilər isə şirkətdən tamamilə yalan məlumat verildiyini, aylardır onları bu cür vədlərlə aldatdıqlarını deyirlər. Problemin nədən qaynaqlandığını, vətəndaşların aylardır niyə aldadıldıqlarını daha dərindən öyrənmək üçün mövzuya qayıdacağıq. LƏMAN SALEHOVA HƏZRƏT BAYRAMLI ARİF ƏLİYEV