Azad olunmuş ərazilərdə 22 minə yaxın seçici qeydə alınıb
Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Bunun üçün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi yaradılıb. İşğaldan azad olunmuş Laçında yaradılan seçki məntəqəsində işlər yekunlaşıb. Laçın sakinləri də seçkilərə hazırdır. Laçınlılar deyir ki, burada yaşayan heç kim səsvermədə iştirak etməyə tənbəllik etməyəcək. Onlar sevinir ki, 30 illik ayrılıqdan sonra Laçın sakinləri kimi Laçın da azad seçki hüququndan istifadə edəcəklər. Laçınlılar ata ocağında belə bir tarixi günün şahidi olmağı onlara hədiyyə edən igidlərimizi, torpaqların azadlığı uğrunda canından keçən oğulları da unutmurlar. Azad edilmiş ərazilərdəki seçki məntəqələrində səsvermə üçün hər cür şərait yaradılıb. Bunu 121 saylı Laçın seçki dairəsinin 106 saylı seçki məntəqəsinin sədri deyib. Qeyd edək ki, azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır.
Emin Babayev, Fəzail Səfərov, APA TV