“Azad qadın” heykəlinin ətrafı niyə hasarlanıb?

“Azad qadın” heykəlinin ətrafının hasara alınaraq təmir-bərpa işlərinin aparılması heykəlin də sökülməsi ilə bağlı söz-söhbətləri gündəmə gətirib.

Məsələni araşdırmaq üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovla əlaqə saxladıq. Onun sözlərinə görə, heykəlin sökülməsi ilə bağlı yayılan şayiələr əsassızdır: “Hasara alınma Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilməyib. Əgər abidə, elə “Azad qadın” heykəli də buna daxildir, dövlət tərəfindən qorunursa, dövlət reysterinə daxildirsə bu zaman həmin abidə ilə bağlı o abidənin ətrafında və ya özündə təmir-bərpa və restavrasiya, rekanstruksiya, abadlaşdırma işləri aparılacaqsa bununla əlaqədar dövlət xidmətinə müraciət olunmalıdır. Qeyd edim ki, ictimaiyyətdə belə bir fikir formalaşıb ki, həmin abidənin hasara alınması onun sökülməsi ilə nəticələnəcək. Bu ümumiyyətlə yolverilməzdir, mümkün deyil. Bu xəbərlər həqiqəti əks etdirmir”.

Məlumata görə, “Azad qadın” heykəlinin hasara alınması abadlıq işləri ilə əlaqədardır. Belə ki, ərazidə sınmış, rəngini itirərək solmuş, qranit və mərmər tametlər yenisi ilə əvəz olunacaq.

Yeri gəlmişkən qeyd edək ki, “Azad qadın” heykəli 1960-cı ildə  Cəfər Cabbarlının “Sevil”  pyesindən ilhamlanaraq ucaldılmış monumental əsərdir.

Müəllif | Apa.Tv
Apa.tv