AZAL: İran və İraqa təyyarə reysləri davam edir
Yaxın Şərqdə gərginləşən vəziyyətlə əlaqədar bir neçə aviaşirkət İran və İraq üzərindən uçuşları dayandırıb.
APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, Fransa, Sinqapur, Tayvan, Malayziya, Vyetnam, Avstraliya, Qazaxıstan aviaşirkətləri artıq İran və İraq hava məkanına daxil olmur.
Rusiya aviaşirkətlərinə də bu ölkələr üzərindən uçuşları həyata keçirməmək tövsiyə edilib.
180 nəfərin öldüyü Ukraynaya məxsus təyyarə qəzasından sonra bu ölkə də sözü gedən ərazidən istifadəyə ara verib.
Azərbaycan Hava Yolları şirkətinin mətbuat katibi Paşa Kəsəmənski APA TV-yə bildirib ki, “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində reyslərini davam etdirir və hər hansı dəyişiklik planlaşdırılmır. Dəyişiklik olarsa, aviaşirkətdən bu barədə məlumat veriləcək.
İran və İraq ərazisində müqəddəs yerlərin ziyarətinə gəlincə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirildi ki, hazırda qurumun xətti ilə təşkil olunan səfərlər çərçivəsində həmin ölkələrdə heç bir Azərbaycan vətəndaşı yoxdur.