Azərbaycan-BƏƏ əlaqələri müzakirə edilib – APA TV
Dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib. Telefon danışığı zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələr müzakirə edilib, xalqlarımızın mənafeyi naminə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
İnvestisiyalar, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa olunmasının önəmini qeyd edib. Dövlət başçısı 230 meqavat gücündə olan Stansiyanın regionda ən böyük günəş elektrik stansiyası və Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyası olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini ölkəsinin BMT-nin İqlim Dəyişikliyi Konfransına – COP-28-ə ev sahibliyi etməsi münasibətilə təbrik edib, bunu Birləşmiş Ərəb Əmirliklərinin Davamlı İnkişaf Məqsədlərinə nail olunması və ətraf mühitin qorunması ilə bağlı qlobal səylərə töhfəsinin nümunəsi kimi dəyərləndirib. Dövlət başçıları iki ölkə arasında, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.