Azərbaycan BMT ilə yeni əməkdaşlıq sənədi imzalayıb
Martın 1-də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.
İqtisadiyyat nazirliyindən APA TV-yə verilən məlumata görə, sənədi Azərbaycan Hökuməti adından iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai imzalayıblar.
Uğurlu əməkdaşlıq nəticəsində indiyədək BMT ilə Azərbaycan arasında 4 Çərçivə Sənədi icra edilib. Sənədlərin davamı olaraq, “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin hazırlanması ilə bağlı qərar qəbul edilib və Sənədin əsas prioritet istiqamətləri müəyyən olunub.
İmzalanma mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini, əməkdaşlıq çərçivəsində bir sıra sənədlərin imzalandığını və birgə layihələrin həyata keçirildiyini qeyd edib.
BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai Çərçivə Sənədinin əsas məqsədinin iqtisadiyyatın transformasiyası, əhalinin həssas təbəqələrinin ehtiyaclarının qarşılanmasında, COVID-19 pandemiyasının təsirlərinin minimallaşdırılması və münaqişənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Hökumətinə dəstək göstərilməsi olduğunu qeyd edib, Sənədin DİM-lərin icrasının sürətləndirilməsində rolunu vurğulayıb.
İmzalanmadan sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin rezident əlaqələndiricisi arasında görüş keçirilib, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.