Azərbaycan danışıqlarda bu formatı məqbul sayır – APA TV
Azərbaycan üçün Ermənistanla danışıqlarda artıq Vaşinqton platforması mövcud deyil.
APA-nın əldə etdiyi məlumata görə, rəsmi Bakının bundan sonra ABŞ-nin təşəbbüsü ilə Ermənistanla danışıqlar aparmaq niyyəti yoxdur.
Məlum olduğu kimi, Brüssel formatı mövcuddur, Azərbaycan da danışıqları bu formatda davam etdirməyi məqbul sayır. Bununla yanaşı, Azərbaycan daha çox Ermənistanla birbaşa danışıqlara üstünlük verir.
Qeyd edək ki, bundan əvvəl Vaşinqtonun təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında ABŞ-də bir neçə görüş keçirilib. Lakin ABŞ-nin son addımları Azərbaycan tərəfində haqlı narazılıq yaradıb. Bir neçə gün əvvəl ABŞ Senatının Xarici İşlər Komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr zamanı Azərbaycanın ünvanına əsassız iddialar səslənib. Bunun ardınca ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.
Məhz ABŞ-nin bu addımlarından sonra rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin noyabrın 20-də Vaşinqtonda keçirilməli olan görüşündən imtina edib.