Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetləri arasında saziş imzalanıb
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimi keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, ADPU-nun rektoru Cəfər Cəfərov, ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer və digər rəsmi qonaqlar iştirak ediblər. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək ikili diplom proqramı təhsilin idarəolunması üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Nazir qeyd edib ki, ABŞ tərəfi ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da magistratura pilləsinə qəbul aparılacaq: "Magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması nəzərdə tutulur. İlk mərhələ üçün 25 tələbə cəlb ediləcək". Qeyd edək ki, abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi (DİM), daha sonra Corc Vaşinqton Universiteti tərəfindən təşkil edilən imtahanlarda iştirak etməlidirlər. Tədris Corc Vaşinqton Universitetindən dəvət olunan və eyni zamanda yerli müəllimlər tərəfindən aparılacaq. Sonda məzunlara həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək.