Azərbaycan heç kimdən asılı deyil: “Bu, daha müstəqil idarəçilik üçün imkanlar yaradır”
Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqun görüşü olub. Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu. Azərbaycanın xarici borcunun hazırda 7 faiz civarında olmasının çox müsbət göstərici olduğu və bütövlükdə iqtisadi göstəricilərin çox müsbət xarakter daşıdığı vurğulanıb. Qeyd edək ki, Avropa İttifaqının xarici borcu 85, ABŞ 106, Böyük Britaniya 406, Franda 182 faizdir. Siyahını 142 faiz xarici borcu olan Almaniya, 45 faiz borclanmış Yaponiya və digər ölkələrlə genişləndirmək olar. Yeri gəlmişkən, Rusiyanın xarici borcu 23 faizdir. O ki qaldı digər region ölkələrinə, Ermənistanın xarici borcu 56, Gürcüstanın isə 77 faizdir. Bəs Azərbaycan xarici borcunun az olmasına necə nail olub? Münxendə Azərbaycanın Prezidenti İlham Əliyev ilə “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnorun da görüşü olub. Məlumat üçün bildirək ki, qeyri-hökumət xeyriyyə fondu ABŞ-nin ən böyük səhmlərə sahib təşkilatlarından biridir və dünyada xüsusi çəkiyə malikdir. Əsas fəaliyyət istiqamətləri səhiyyə və tibbi təhsildir. Haşiyəyə çıxaraq qeyd edək ki, ilk dollar milyarderi olan Con Rokfeller həm də 1870-1911-ci illərdə fəaliyyət göstərmiş "Standard Oil" neft hasilatı, nəqli, emalı və marketinqi şirkətinin yaradıcısıdır. İnhisar ittihamı ilə qapanan şirkət bir neçə müstəqil firmalara bölünüb. Bunlar "Chevron", "British Petroleum", "Amoco", "Conoco", "Sun"ın bir hissəsi olan "Atlantic"dir. Ümumiyyətlə, XX yüzilliyin sonunda "Əsrin müqaviləsi" ilə dünya iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilən Azərbaycanın indiki əməkdaşlıqları daha qlobal xarakter daşıyır. Prezident İlham Əliyevin andiçmə mərasimində dilə gətirdiyi digər həqiqət isə odur ki, "bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir". Orxan Aslan, APA TV