Azərbaycan insanı ən çox nələri sığortalatmaq istəyir?

Dünya sığorta bazarlarında ənənəvi risklərlə yanaşı, həm də qeyri-ənənəvi risklər təminat altındadır. Xüsusilə də inkişaf etmiş ölkələrin vətəndaşları digər dövlətlərdə bir o qədər populyarlıq qazanmamış sığorta növlərində maraqlıdırlar. Əsas da dünya məşhurlarının maraq saldığı bu qeyri-ənənəvi sığorta növləri çox vaxt hansısa bədən üzvünün, səsin və ya sığortalananın başlıca gəlir mənbəyi olan predmetin sığortasından ibarətdir.

 

Bəs Azərbaycanda vəziyyət necədir? İnsanlar daha çox nələri sğortalatmaq istəyirlər?

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev APA TV-yə bildirdi ki, yerli sığorta bazarı üçün daha çox ənənəvi sığorta növləri xarakterikdir: “Azərbaycanda sığorta mədəniyyətinin formalaşması yeni mərhələsindədir. Lakin dünya təcrübəsinə nəzər salsaq qeyri-ənənəvi sığorta aktuallığını saxlayır. Ümümiyyətlə, vətəndaşın ilkin tanışlığı ənənəvi sığorta ilə olur, çünki gündəmdə rastlaşdığı risklərdən özlərini sığorta ilə qoruyurlar”.

 

Bəs qeyri-ənənəvi sığorta növləri ölkəmizdə nə dərəcədə aktualdır? Elmar Mirsalayev deyir ki, artıq qeyri-ənənəvi sığorta növləri bazara çıxmağa başlayıb: “Müştərilər də maraq göstərir. Həmin maraqlara uyğun olaraq sığorta şirkətləri də həmin tələblərə uyğun olan sığorta məhsullarını hazırlamağa başlayır”.

 

Sığorta eksperti İlkin İbrahimov isə düşünür ki, yerli bazarda qeyri-ənənəvi sığorta növlərinin aktuallaşması və inkişafı üçün bu kimi məhsullar tanıdılmalıdır. Çünki indiki məqamda mövcüd sığortalıların sığorta sisteminə yönəlik konservativ yanaşmasını nəzərə alsaq, daha çox ənənəvi növlərin aktuallığını vurğulamalıyıq. Lakin reallıq həm də ondan ibarətdir ki, qlobal bazarlardakı yeni trend və tendensiyalar lokal bazarlar üçün daim hərəkətverici rol oynayır: “Dünyada və ölkəmizdə qeyri-ənənəvi sayılan sığorta növləri var. Məsələn, insan orqanlarının müəyyən hissəsinin -  səsin və yaxud da həyatın, bədənin müəyyən orqanları var ki, bunları da sığortalamaq mümkündür. Burada sığorta risklərindən asılı olaraq sığorta şirkəti riski müəyyən edərək sığorta haqqı müəyyənləşdirir. Vətəndaşlar bu sığorta növünə müraciət etdikləri halda bunlar artıq bu qeyri-ənənəvi sığorta sayılır”.

 

Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanmış 2021-ci ilin yanvar-noyabr aylarını əhatə edən sığorta icmalına görə, bazarda ciddi böyümə qeydə alınıb. Belə ki, 2021-ci ilin 11 ayı ərzində yerli bazar iştirakçıları 2020-ci ilin analoji dövrü ilə müqayisədə 100 milyon manat, 2020-ci ilin ümumi nəticələri ilə müqayisədə isə 40 milyon manat daha çox sığorta haqqı təmin edib. Müvafiq böyümə əslində mövcud və potenasial sığortalıların sığorta xidmətlərinə və risklərə olan yanaşmasının müsbət yöndə dəyişdiyini göstərir.

 

Qeydə alınan böyüməni və ekspert rəylərini nəzərə alsaq deyə bilərik ki, yaxın müddət ərzində yerli bazarda da qeyri-ənənəvi sığorta məhsullarının tətbiqi bir ənənəyə çevrilə bilər.

 

Nərmin Murad

Kamran Namazov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv