Azərbaycan komandoları sərhəddəki döyüşlərdənecə iştirak edib? - NAZİR AÇIQLADI

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyədə keçirilən “Saha Expo" sərgisini ziyarət edib.

 

APA TV-nin İstanbul müxbiri xəbər verir ki, nazir stendlərlə, sərgidə nümayiş olunan müdafiə sənayesi məhsulları ilə tanış olub.

 

Daha sonra jurnalistlərə açıqlama verən Müdafiə naziri “Saha Expo" sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib:

 

Nazirin sözlərinə görə, son illərdə Türkiyənin müdafiə sənayesi sahəsində çox böyük irəliləyiş var: “Bildiyiniz kimi, bizim Türkiyə Silahlı Qüvvələri ilə çox sıx əməkdaşlığımız var. Cənab Prezidentin tapşırığı ilə Ordumuzun Türkiyə Silahlı Qüvvələrinə uyğun qurulması istiqamətində irəliləyirik, böyük işlər görürük. Təbi ki, bu məsələdə silah təchizatı və ordunun ən müasir silahlarla təmin edilməsi vəzifəsi dayanır”.

 

Nazir bildirib ki, Azərbaycan Ordusu Türkiyədə keçirilən “Saha Expo" sərgisində nümayiş olunan əksər silahlarla maraqlanır və artıq müqavilələr də var: “Baxırıq, müzakirələr aparırıq. Xüsusən qeyd etmək istərdim ki, son illərdə Türkiyədə silah istehsalında böyük işlər görülüb. Bu, bizi sevindirir”.

 

Zakir Həsənov Azərbaycan Ordusunda “Türkiyə modeli”nin tətbiqi üzrə görülən bir sıra işləri də açıqlayıb: “İşlərin əksəriyyətini görmüşük. Təşkilatı-ştat strukturu dəyişib, sistem, əsasən idarəetmə dəyişib. Bu uğurla tətbiq olundu”.

 

Nazir qeyd edib ki, Azərbaycan komandoları ötən ay sərhəddə Ermənistanın təxribatı zamanı baş vermiş döyüşlərdə öz imkanlarını nümayiş etdiriblər: “Bildiyiniz kimi, hərbi hissələrin təşkili ilə də bağlı işlər görülür. Komando hərbi hissələri yaradılıb və onlar da fəaliyyət göstərir. Onlar vəzifələrini uğurla yerinə yetirdilər. Digər məsələlər də uğurla həyata keçirilir”.

 

Zakir Həsənov Ermənistan arasında sülh danışıqlarına dair suala cavabında isə “sülhdən siyasətçilər danışsa, daha yaxşı olar”, - deyə cavab verib.

Müəllif | Apa.Tv
Apa.tv