Azərbaycan məktəblərində “Son Zəng”i Ceyhun Bayramov çaldı - REPORTAJ

Son zəng çalındı. 11 il bu səsin sədası altında sinif otaqlarına qaçan şagirdlər üçün bu gün bu səs son dəfə çalınırdı. Yenə də göz yaşları, yenə də ayrılıq dolu çıxışlar... Amma bütün bunlar canlı deyil, məhz virtual aləmdə baş verdi. Çünki koronavirus pandemiyası ilə əlaqədar bu il 11-cilərin “Son Zəng”i virtual olaraq keçirilir.

 

Hər il olduğu kimi, bu il də məzunların sevincinin həddi-hüdudu yox idi. Axı onlar həyatında ömür boyu unudulmayacaq bir gün yaşayırdılar. Uşaqlığın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olduğundan, hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəklər sızıldayır, qəlblərin dərinliklərindən “kaş o günlərə dönə biləydik” arzusu keçir. 11-cilər də bu günə xüsusi olaraq hazırlaşırlar. Şeir axtarıb tapan kim, mahnı yazdıran kim, ssenari quran kim…

 

Qeyd edək ki, 2019/2020-ci tədris ilində Azərbaycanda XI sinfi bitirən şagirdlərin ümumi sayı 80646 nəfərdir. Bu şagirdlərdən 22 nəfər də Siyəzən rayonundakı şəhid Səbuhi Zeynalov adına Böyük Həmyə kənd tam orta məktəbindən məzun oldu. Məktəb 1920-ci illərdə təsis edilsə də, 2015-ci ildə Heydər Əliyev Fondu tərəfindən yenidən inşa edilərək müasir standartlara cavab verən təhsil ocağına çevrilib. Ümumilikdə məktəbdə 517 nəfər təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 33 müəllim məşğul olur.

 

Məktəbin direktoru Mərhəmət Rzayeva deyir ki, şagirdlər neçə aylardır məzun olacaqları günü səbirsizliklə gözləyirdilər. Amma heç kimin ağlına gəlməzdi ki, koronavirus pandemiyası səbəbindən bu gün onlar sinif yoldaşları və müəllimləri ilə elə virtual aləmdə - kompüter və ya telefonun arxasından görüşüb sağollaşa biləcəklər: “Biz bir neçə gün əvvəl hər bir məzun olacaq şagirdin evinə gedib onlarla tək-tək görüşdük. Fərqlənən şagirdlərimizə fəxri fərman, diplomlar təqdim etdik. Qismən də olsa, biz onların ürəyini sevindirə bildik. Bir neçə günə kimi onların üzündəki kədəri bu gün şən gülüşlər əvəz etdi. Bundan böyük sevinc ola bilməzdi bizim üçün. Arzu edirik ki, həmin məzunlarımız ali məktəb tələbəsi olsun”

 

Hər bir insanın həyatında məktəb illəri böyük rol oynayır. Məktəb bir şagird üçün ikinci ailə, müəllim üçün isə şagird övlad olur. Təlim-Tərbiyə işləri üzrə direktor müavini Səbinə Güləliyeva deyir ki, “son zəng” günü duyğulanan təkcə şagirdlər deyil, həm də onların müəllimləridir: “Biz məzunlarımızla birgə bu sevinci yaşadıq. Çünki hələ tədris ili davam edəndə məzunların məzun günü ilə bağlı öz planları vardı. Bu gün biz onların arzularının bir qismini həyata keçirə bildik. Buna görə Təhsil nazirliyinə təşəkkür edirik ki, bu virtual məktəbi yaratdı və məzunlar son zəngini keçirə bildi”.

 

“Doğma məktəb! Sənin qoynunda keçirdiyimiz bu 11 ildə bəlkə də bu gün yeganə gündür ki, biz onu həm sevinclə, həm də kədərlə qarşılayırıq. Sevinirik, çünki uşaqlığımızdan ayrılıb yeni bir həyata addım atırıq. Kədərlənirik, çünki 11 il bir yerdə sevincimizi paylaşıb, kədərimizi bölüşdüyümüz mehriban sinif yoldaşlarımızdan, anamız qədər doğma olan sevimli müəllimlərimizdən, hətta sinif otaqlarımızdan, üzərinə tabaşirlə yazılar yazdığımız sinif lövhələrindən ayrılacağıq” - bütün bunlar məzun günü hər bir şagirdin öz-özünə pıçıldadığı kəlmələrdir:

 

“Əslində bir neçə gün əvvələ kimi düşünürdük ki, biz məzun ola bilməyəcəyik. Lakin bizə hər zaman həyat dərsi verən müəllimlərimiz bizi bu gündə də tək qoymadılar və bizim üçün onlayn son zəng keçirdilər. Biz şagirdlər üçün bu böyük sevincdir”.

 

“Bu gün virtual məktəb platformasında biz məzunlar üçün onlayn “Son Zəng” təşkil olundu. Bu gün biz məzun olduq. Virtual məktəb platformasını təşkil etdiyinə görə Təhsil naziri Ceyhun Bayramova, məktəbimizin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Çünki biz ümidimizi itirdiyimiz bir zamanda onlar bizə böyük bir “Son Zəng” təşkil etdilər”.

 

Sonuncu zəng səsi, bu da bir həyat,

Bu da ömrümüzün nağıl payıdır.

Hər ilin sonuna qoyulan nöqtə,

Şagird illərinin hay-harayıdır.

 

Biz də öz növbəmizdə əlamətdar gün münasibətilə bütün məzunları təbrik edir, yeni yolun astanasında qərar tutan yeniyetmələrə uğurlar arzulayırıq. “Son Zəng” günlərindən fərqli olaraq, onların sonrakı həyat yolları virtual deyil, real olsun!

 

İlahə Vəliyeva

APA TV

Müəllif | Apa.Tv
Apa.tv