Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,50%-dən 7,25%-ə endirilməsi haqqında qərar qəbul edib. APA TV-nin xəbərinə görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib. Faiz dəhlizinin parametrlərini aşağı və yuxarı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirilib. Qərar bu gündən etibarən qüvvəyə mindiyi bildirilib Bu ilin yanvar ayında da strateji valyuta ehtiyatlarının artmasının davam etdiyini deyən Elman Rüstəmov qeyd edib ki, valyuta ehtiyatlarında baş verən artım həm AMB-nin valyuta ehtiyatlarının, həm də Dövlət Neft Fondunun aktivləri üzrə ümumilikdə 2% artaraq 52 mlrd. dolları ötüb. Mərkəzi Bankın sədri bankların sağlamlaşdırılmasından da danışıb: “Bu ilin birinci yarısında bank sektorunun tam sağlamlaşdırılmasını başa çatdıracağıq. Bank sektorunda zəiflik var, bu gün AMB genişlənmiş mandatına görə bu işlərlə məşğuldur. Sığorta sektorunun aktivləri ötən il ərzində 13%, ödənişlər 25% artıb”. Azərbaycanın Bank sektorunda kompleks yoxlamalar aparıldığını deyən Mərkəzi Bankın sədri onu da bildirdi ki, banklarda aparılan qiymətləndirmənin yekunu Maliyyə Sabitliyi Şurasında müzakirə olunacaq: “AtaBank”da likvidlik, maliyyə dayanıqlığı problemləri var. Bankda ciddi problemlər var. Biz təklifləri formalaşdırmışıq. AMB Maliyyə Sabitliyi Şurasına təkliflərini təqdim edəcək. Ümumilikdə, əmanəti olan əhali üçün heç bir qorxu yoxdur, əmanətlərin qorunması istiqamətində problem mövcud deyil. AMB bankın əmanətçilərinin vəsaitlərinə çıxış imkanını tez bir zamanda yaratmağa çalışır”. O həmçinin qeyd edib ki, bununla yanaşı “AtaBank”da qorunmayan əmanətlər də mövcuddur. Banka tövsiyə olunub ki, həmin şəxslərə bildiriş göndərilsin. “AtaBank” haqqında qərar Maliyyə Sabitliyi Şurası tərəfindən veriləcək. Düşünürük ki, bankın ödəniş qabiliyyətini itirməsi digər bank üçün reputasiya riski yaradır. Biz istəyirik ki, problem tez həll olunsun deyə Elman Rüstəmov bildirib.

Müəllif | Apa.Tv
Apa.tv