Azərbaycan Mixail Aleksandrovu axtarışa verdi
Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Münasibətlər institutunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrovun cari ilin dekabrın 13-də müxtəlif kütləvi informasiya vasitələrində verdiyi geniş auditoriya kütləsinə ünvanlanan audiomüraciətində Azərbaycan ilə Rusiya arasında münasibətlərə xələl gətirməyə cəhd göstərərək “Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını” bildirməklə açıq çağırışlar edib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, Mixail Aleksandrovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar, odlu silahdan istifadə etməklə terrorçuluğun törədiləcəyi ilə hədələmə və qulluq mövqeyindən yararlanaraq zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması maddələrinin tərkib əlamətləri olduğundan Azərbaycanın Baş prokuroru tərəfindən cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından Mixail Aleksandrovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub. O, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışı elan edilib.
Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycana verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.
Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.