Azərbaycan Ordusunda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb

Bu gündən Azərbaycan Ordusunda COVID-19 əleyhinə vaksinasiya prosesinə start verilib.

 

APA TV xəbər verir ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalı və digər hərbi hissələr bu məqsədlə ən müasir tibbi avadanlıqlarla təchiz olunub. İlkin mərhələdə risk qrupuna daxil olan şəxslər vaksinasiya ediləcək. Xəstəliyin diaqnostikası müasir standartlara cavab verən laboratoriyalarda aparılır:

 

Silahlı qüvvələrin hərbi qulluqçularının COVID-19 testinin diaqnostikası məhz bu laboratoriyada aparılır. Laboratoriya bütün lazımı tibbi cihazlarla təmin olunub. Həmçinin burada xarici ölkələrdə təhsil alan və treninqlərdə iştirak edən həkimlər də fəaliyyət göstərir.

 

Azərbaycan Silahlı Qüvvələrinin baş sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov jurnalistlərə bildirib ki, Nazirlər Kabinetinin “Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq hərbçilərin peyvənd olunması üçün Müdafiə Nazirliyi tərəfindən sərəncam imzalanıb: “Vaksinasiyanın həyata keçirilməsi üçün Bakı Qarnizonunda, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad olunmuş və digər ərazilərdə isə müvafiq hospitallarda peyvənd qrupları yaradılıb. Bütün hospitallar peyvəndləmə prosesi üçün lazımi avadanlıqlarla təmin edilib. Xüsusi ilə qeyd etmək istəyirəm ki, hal-hazırda Azərbaycan Ordusunda COVID-19 xəstəliyinə görə, epidemioloji vəziyyət stabildir və  qənaətbəxşdir. Bütün bunların hamısı epidemiya əleyhinə aparılan effektiv tədbirlərin nəticəsidir”.

 

Hərbi qulluqçuların vaksinasiya prosesi ümumi qaydalara uyğun şəkildə aparılır. Vaksin vurulması üçün müraciət edən şəxslərin öncə hər hansı bir xəstəliyinin olub-olmadığı müəyyən olunur. Vaksinə qarşı əks göstəricisi olmayan şəxslərə “Coronavac” vaksini vurulur.

 

Vaksini qəbul edən şəxslər isə onlar üçün xüsusi ayrılan istirahət otağında bir qədər gözlədikdən sonra evə buraxılırlar. Vaksinasiya könüllülük prinsipinə uyğun olaraq  həyata keçirilir.

 

Xələf Xələfov,

Əli Əkbər,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv