Azərbaycan ordusunun hərbi qulluqçusu 4 aydan sonra şəhid oldu – APA TV

19 sentyabrda Azərbaycanın lokal xarakterli antiterror tədbirləri həyata keçirərkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı şəhərində müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib. APA-TV nın yerli bürosunun məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Azərbaycan ordusunun müddətdən artıq xidmətçisi Qasımov Hacıəli Tahir oğludur. Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.

Bu barədə APA-TV nın yerli bürosuna Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib. 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlunun cənazəsi Bakı şəhərindən doğulduğu Tovuz rayonun Qaraxanlı kəndində gətirilir.

Hazırda şəhidimizin yaşadığı evdə şəhidin ailə üzvləri ilə yanaşı, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, Tovuz rayon ictimaiyyəti nümayəndələri və sakinləri toplaşıb.Şəhidimiz cənazəsi gələndən sonra Qaraxanlı kənd qəbirstanlığında dəfn olunacaq.

Qeyd edək ki, onlar ailədə 4 övlad olublar. Onun əkiz qardaşı və 2 bacısı var. H.Qasımov hərbi xidmətə qardaşı ilə birlikdə, 18 yaşında gedib. Həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu kimi davam etdirib.

Müəllif | Apa.Tv
Apa.tv