İordaniya Kralının Bakıda rəsmi qarşılanma mərasimi olub
Dekabrın 10-da Azərbaycana rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub.
APA TV-nin məlumata görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kral II Abdullahın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verib.
İordaniya Kralı Azərbaycan əsgərlərini salamlayıb.
Prezident İlham Əliyev və Kral II Abdullah fəxri qarovul dəstəsinin qarşısından keçib.
İordaniyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Kral II Abdullaha, İordaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın qarşısından keçib.
Prezident İlham Əliyev və Kral II Abdullah rəsmi foto çəkdirib.
Daha sonra Prezident İlham Əliyevin İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə təkbətək görüşü olub.
APA TV-nin məlumatına görə, ali qonağı salamlayan Prezident İlham Əliyev onunla Azərbaycan paytaxtında görüşməkdən məmnun olduğunu bildirib, bu yaxınlarda Rusiyanın Soçi şəhərindəki görüşü xatırladıb. İkitərəfli əlaqələrin inkişafını, beynəlxalq arenada qarşılıqlı dəstək, siyasi təmasların davamı, iqtisadi göstəricilər xüsusi qeyd edib.
Kral 2-ci Abdullah ibn Al Hüseyn Bakıda olmaqdan şad olduğunu deyib, qonaqpərvərliyə örə minnətdarlıq edib. Bu yaxınlarda Azərbaycan paytaxtında keçirilən Qoşulmama Hərəkatının Zirvə Görüşü və ölkəmizin bu hərəkata sədrliyi ilə bağlı təbriklərini çatdırıb. Azərbaycanın regionda sülhün və iqtisadi inkişafın sabit qalmasında roluna görə Prezident İlham Əliyevə təşəkkür edib.
Təkbətək görüş başa çatandan sonra Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə işçi nahar edib.