Azərbaycan Prezidentinin köməkçisi: "Bu, Vətən Müharibəsidir”
“Sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan atəşkəs rejimini növbəti dəfə pozub, hərbçilərimiz və mülki şəxslər arasında həlak olan və yaralananlar olub”.
APA TV-nin məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
Azərbaycan Ordusunun əks-həmlə tədbirləri gördüyünü bildirən nazir məsələ ilə bağlı xarici ölkələrin müvafiq qurumlarını məlumatlandırdığını da deyib.
Ceyhun Bayramov qeyd edib ki, dünən Rusiya, İran Xarici İşlər nazirləri, ABŞ Dövlət katibinin müavini, Avropa İttifaqının xüsusi nümayəndəsi və digər beynəlxalq təşkilatların nümayəndələri ilə əlaqə saxlanılıb, onlar məlumatlandırılıb: “Bütün danışıqlarda məsələnin mahiyyəti barədə geniş məlumat verilib. 30 ilə yaxındır ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Həmin ərazilər etnik təmizləməyə məruz qalıb, orada bir nəfər də olsun azərbaycanlı yoxdur. Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün danışıqlar həyata keçirilir. Məqsədimiz mahiyyəti üzrə danışıqlar aparmaq idi. Ancaq müxtəlif bəhanələrlə Ermənistan buna mane olub. Şərti olaraq danışıqlar dövrünü 3 hissəyə bölə bilərik. Birinci hissə 2018-ci ilə qədər dövrü əhatə edir. Bu dövrə qədər müxtəlif səpgili danışıqlar aparılıb, müxtəlif sənədlər qəbul edilib. Bu mərhələdə tərəflər hansısa razılaşmaya yaxın olub, qarşı tərəf mövqeyini dəyişib, imitasiya edib. Paşinyan hakimiyyətə gəldikdən sonra danışıqlar prosesində destruktiv mərhələ yarandı. Bu mərhələdə kiçik və iri miqyaslı təxribatların şahidi olduq”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxışında Ermənistanın növbəti təxribata hazırlaşdığı barədə məlumat verib. Dünən isə Ermənistanın təxribatından sonra əks-hücum əməliyyatı həyata keçirilib. Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir. Himət Hacıyev bunun Vətən Müharibəsi olduğunu bildirib: “Ermənistanın hərbi doktrinasında da mülki əhali hədəf kimi göstərilir. Biz 2016-cı ilin aprel döyüşlərində, 1990-cı illərdə də bunu görmüşük. Dünən cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak olub. Bu gün səhər də Tərtər rayonu istiqamətində ağır artilleriya atəşi açılıb, Tərtərdə xalçaçılıq fabriki dağıdılıb. Tərtər rayonunda polis şöbəsinə zərbə endirilmək istənilib. 14 mülki Azərbaycan vətəndaşı yaralanıb”.
Ceyhun Bayramov bildirib ki, Azərbaycan hərbçiləri Ermənistan hərbçilərindən fərqli olaraq mülki obyektləri hədəfə almır. Onun sözlərinə görə, dünən qarşı tərəfdəki mülki insanlara müraciət edilib və onlara hərbi obyektlərdən kənarda olmaları tövsiyə edilib.
Dünən axşam saatlarında Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatları ilə videokonfrans formatında müşavirə keçirildiyini vurğulayan nazir deyib ki, diplomatlarımıza operativ şəkildə beynəlxalq ictimaiyyətin məlumatlandırılması barədə tapşırıq verilib: “İyul təxribatları zamanı gördük ki, xaricdə azərbaycanlıların dinc aksiyalarına qarşı təxribatlar törədilib, hücumlar olub. Bu gün də xarici ölkələrin səfirlərinin burada olmasından istifadə edərək, ölkələrinizdə bu cür təxribatların həyata keçirilməməsi, diplomatlarımızın təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsini rica edirik”.
H. Hacıyev isə deyib ki, beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa çağırmalıdır: “Bəzi beynəlxalq təşkilatların rəhbərlərinin mövqeləri isə qəbuledilməzdir. Amerika Dövlətləri Təşkilatının rəhbəri qurumdakı dövlətlərin mövqeyini nəzərə almadan, qərəzli bəyanat verib. Frankofoniya Təşkilatının baş katibinin mövqeyini də qəbul etmirik. Biz üzv dövlətlərə müraciət edirik ki, qurumların rəhbərləri üzv dövlətlərin mövqelərini nəzərə alsın”.
Prezident köməkçisi əlavə edib ki, Ermənistanın hərbi doktrinasında və Təhlükəsizlik Konsepsiyasında yeni ərazilərin işğalı nəzərdə tutulur.
O, öz ərazimizdə keçirilən əməliyyatların mülki əhalini qorumaq, işğalçı tərəfi sülhə məcbur etmək olduğunu qeyd edib. Ermənistan işğal olunmuş ərazilərdən çıxmamaq üçün hərbi, siyasi təxribatlara yol verir və bu, Azərbaycana qarşı növbəti təcavüz cəhdi, Azərbaycanı güclə hədələməkdir.
Mir Çingiz Ağazadə,
Faiq Həsənov,
APA TV