​​​​​​​Azərbaycan QHT-ləri mina xəritələrinin Ermənistandan tələb edilməsi üçün beynəlxalq qurumlara müraciət edib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Minadan zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, Minalar əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafis Səfixanov, "Dayaq" Qeyri-hökumət Humanitar təşkilatının sədri Şahin İbrahimov, Mina qurbanlarının Sosial-İqtisadi Problemlərinin həllinə Kömək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib.

 

APA TV-nin məlumatına görə, müraciətdə BMT və beynəlxalq qurumlar işğaldan azad edilmiş Azərbaycan ərazilərinin kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamağa çağırılıb. Qeyd olunub ki, Ermənistan hərbi birləşmələrinin törətdiyi təxribatlara cavab olaraq başlayan müharibə nəticəsində 44 gün ərzində azad edilən Azərbaycan ərazilərinin ciddi şəkildə mina problemi ilə üz-üzə qalıb.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevin sözlərinə görə, işğaldan azad edilmiş 10 min kvadrat kilometrdən çox ərazi hərbi sursatlarla çirkləndirilib:  “Ərazilərimiz partlayan və partlamayan hərbi sursatlarla çirkləndirilib.  Böyük dağıntılar , ekoloji terror var regionda. Müharibə dövründə hər cür bombalardan , kasetli raketlərdən istifadə olundu mülki əhaliyə qarşı. Təkcə Tərtər şəhərinə 2500-dən çox mərmi atılmışdı. Gəncədə, Bərdədə  verən hadisələr hər kəsə məlumdur. Bu gün təmizləmə prosesi zamanı hər kvadrat metr ərazidə 10-dan çox mina aşkarlanır”.

 

Qeyd olunub ki, son 4 ay ərzində 40-a yaxın mülki şəxs işğaldan azad edilmiş ərazilərə səfər edərkən minaya düşərək həlak olub və ya ağır yaralanıb. Bəyanatda minaların erməni hərbi birləşmələri tərəfindən əsasən hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə basdırıldığı və mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törətdiyi diqqətə çatdırılıb.

 

Minadan zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu bildirib ki, 10 noyabr sazişindən sonra Ermənistan hər zaman olduğu kimi yenə də təxribat törətməklə məşğuldur: “Üzərinə götürdükləri öhdəliklərə əməl etmirlər. Hər fürsətdə Azərbaycana zərər vurmağa cəhd edir. Bunlardan biri də onlar tərəfindən mina basdırılan ərazilərin xəritəsinin Azərbaycana verilməsidir. Bunu etmirlər.  Bununla isə yenə də ölkəmizə qarşı təxribatların davam etdirilər. Bu isə bir cinayətdir”.

 

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafis Səfixanov bildirib ki, İkinci Qarabağ müharibəsinə qədər Ermənistan hökumətinin məlumatlarına görə, onlardan 636 nəfər minaya düşüb. Onun sözlərinə görə, Azərbaycan tərəfindən minaya düşənlərin sayı 3000-ə yaxındır ki, onlardan 525 nəfər həlak olub.

 

Sonda QHT sədrləri birgə bəyanatı imzalayıblar.

 

Xələf Xələfov

Musa Qulammirzəyev

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv