Azərbaycan QHT-ləri Paşinyana müraciət edib
Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistan Respublikasının dağ-mədən sənayesinin Cənubi Qafqaz Regionunda ekoloji sabitliyi pozması barədə Baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıb. Məktubda deyilir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistan Respublikasının dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı çox narahatdır. Qeyd edilib ki, davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükədir, ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır. Qeyri-hökumət təşkilatları beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılmasını tələb edir. Müraciətdə vurğulanıb ki, Ermənistanın dağ-mədən sənayesi Cənubi Qafqaz regionunu ciddi ekoloji fəlakətlə üz-üzə qoyub. Sitat: “Biz sizə müraciət edirik ki, yuxarıda sadalanan beynəlxalq standart və prinsipləri nəzərə alaraq Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertlər, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açasınız, yerində müəssisələrə baxış keçirilməsinə, qiymətləndirmə və monitorinq aparılmasına, müvafiq nümunələr götürülməsinə, ölçmə işləri edilməsinə tam şərait yaradasınız”. Qeyr-hökümət təşkilatları Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regiona, planetə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırb.