Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti: “Bu beynəlxalq cinayətdir”
“Ermənilərin ötən gün Bərdəyə raket hücumu nəticəsində həlak olanlardan biri də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü Məhərrəm Mustafayev olub”.
Bunu APA TV-yə müsahibəsində, deputat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov bildirib: “Onunla bərabər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin daha iki könüllüsü olan xanım əməkdaşları da yaralanıb. Onlara ilkin tibbi xidmət göstərilib, hazırda vəziyyətləri kafidir. Bütün bunlar bir daha sübut edir ki, qarşı tərəf heç bir beynəlxalq hüquq normalarına riayət etmir. Qənaətimcə heç bundan sonra da riayət etmək fikrində deyil. Birmənalı olaraq təkcə Azərbaycan ictimaiyyətinə deyil, dünya ictimaiyyətinə, beynəlxalq hüququn normalarına, bütün protokollara və Cenevrə konvensiyasına təcavüz edir”.
Novruz Aslanov qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dünyasını dəyişən əməkdaşı altı ildir ki, peşəkar könüllü kimi fəaliyyət göstərirmiş: “Onun iki yadigarı qaldı, iki övlad atası idi. Cəmiyyətimizin ən aktiv könüllərindən idi. Son iki ildə Beynəlxalq Qızıl Xaç Komitəsinin xüsusi bir proqramı var idi, mobil texniki dəstələrin yaranması və inkişafı adlı layihənin fəal üzvü idi. Bizim humanitar sahədə Beynəlxalq Qızıl Xaç Komitəsinin tədbirlərində çox aktiv iştirakçılardan idi. Çox təəssüf edirəm ki, peşəkar bir əməkdaşımızı itirdik”.
Bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi bəyanat da yayıb: ”Beynəlxalq Qızıl Xaç və Aypara hərəkatına hörmətlə yanaşılmalı, Beynəlxalq Qızıl Xaç və Aypara hərəkatının müvafiq emblemləri var ki, onların işçiləri və könüllüləri heç vaxt atəşə məruz qalmamalıdırlar. Bu beynəlxalq cinayətdir, həmçinin böyük məsuliyyətdir. Ən böyük problem ondan ibarətdir ki, onlar humanitar missiya zamanı həyatlarını itirirlər. Dünən həlak olan əməkdaşımızda Bərdədə zərərçəkənlərin siyahısını hazırladığı zaman raket atəşinə məruz qalıb”.
Bununla bağlı artıq Azərbaycan Qızıl Aypara Cəmiyyəti beynəlxalq ictimaiyyətə müraciət də edib: “Mən bilmirəm qarşı tərəf bu hadisədən necə çıxacaq? Amma beynəlxalq aləmdə bu hadisə böyük rezonans doğurub. Könüllümüzün dünyasını dəyişməsi pis bir hadisədir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət tərəfindən bizim federasiyaya daxil olan 192 milli cəmiyyət tərəfindən müvafiq tədbir görüləcək”.
Novruz Aslanın sözlərinə görə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti tərəfindən bütün milli cəmiyyətlərə müraciət ediləcək və müraciət çağırış formasında olacaq.
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Fransesko Rokka "Twitter" səhifəsində hadisə ilə bağlı paylaşım edib:
“Qızıl Ayparanın könüllüsünün Bərdədə mülki şəxslərə yardım çatdırarkən həlak olması xəbərindən şok oldum və dəhşətə gəldim. Humanitar yardım çatdıranlar hədəf deyillər. Fikrim onun ailəsinin yanındadır və onun yaxınlarına başsağlığı verirəm”, - deyə F. Rokka qeyd edib.