Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi necə yadda qalır?

21-ci əsrdə siyasi konfiqurasiyada sürətli ardıcıllıqla baş verən hadisələr göstərir ki, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün dünyanın idarə olunması kimi məsul bir vəzifəni daşıyan təşkilatlar bu dəyişikliklər qarşısında acizdirlər. Yaran­mış yeni reallıqlara uyğun olaraq islahatlar zərurəti haqqında nə qədər çox danışılsa da, əməli addımlar atılmır, BMT və ATƏT kimi vacib qurumların baş verənlərə təsir imkanları getdikcə zəifləyir. Baş verən proseslərdən o da görünür ki, hazırda 1961-ci ildə yaradılmış və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı Beynəlxalq səviyyədə proseslərə fəal müdaxilə edə bilir. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. Hərəkata üzv dövlətlərin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadıldı. Maraqlıdır Azərbaycanın sədrliyi müddətində hərəkatda hansı dəyişikliklər oldu? Ölkəmizin təşkilat, eləcə də dünya üçün hansı töhfələri oldu?

 

“2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə təşkilat daha da güclənib”. Bunu kanalımıza deputat Ceyhun Məmmədov deyib. O əlavə edib ki, təşkilata Azərbaycanın sədrlik etdiyi dövrdə parlament və gənclər şəbəkəsi yaradılıb.

 

“Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi üzv ölkələr arasında həmrəyliyin və birliyin daha da təşviq olmasına gətirib çıxarıb”.

 

Bunu isə siyasi şərhçi İlyas Hüseynov deyib. O əlavə edib ki, hərəkat Vətən müharibəsi dönəmində Azərbaycanın haqlı mübarizəsini də dəstələyib.

 

Siyasi şərhçi onu da əlavə edib ki, Azərbaycanın qlobal təşəbbüsləri sayəsində hərəkata sədrlik hər zaman xatırlanacaq. Həmçinin Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə töhfə kimi qiymətləndiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv