Azərbaycan-Rusiya sərhədində körpü istifadəyə verildi - SAMUR ÜZƏRİNDƏN
Azərbaycan-Rusiya sərhədini müəyyən edən Samur çayının üzərində körpü istifadəyə verilib.
APA TV-nin məlumatına görə, bununla əlaqədar keçirilən tədbirdə Baş Nazirin müavini Şahin Mustafayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Quba, Qusar və Xaçmaz rayonlarının İcra Hakimiyyətlərinin rəhbərləri, Rusiya tərəfdən isə bu ölkənin İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov iştirak edib: “Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayı üzərində inşa olunan avtomobil körpüsünün istifadəyə verilməsi beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində yükdaşımalarının artırılması üçün imkanları genişləndirəcək. Samur çayı üzərindən keçən körpü “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizlərinin mühüm bir hissəsidir. Son 10 ayda “Şimal-Cənub” marşrutu ilə daşımalar 60 faizdən çox, “Şimal-Qərb” marşrutu üzrə nəqliyyat vasitəsi ilə 53 faiz artıb”.
Rusiyanın iqtisadiyyat naziri Maksim Oreşkin də körpünün ölkələrimiz arasında əlaqələrə töhfə verəcəyini deyib: “Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin artım tempi Rusiyanın ticarət tərəfdaşları arasında ən yüksəklərdən biridir və bu göstərici 25 faizə bərabərdir. Yaradılmış infrastruktur iki ölkə arasında mövcud iqtisadi əlaqələri daha yüksək templərlə inkişaf etdirməyə imkan yaradacaq”.
Qeyd edək ki, yeni körpü 1957-ci ildə inşa olunmuş tikilini əvəzləyib.