Azərbaycan Türkiyə üçün 100 milyon dollar ayırdı

Belçika Krallığında, Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransı keçirilib. Tədbirdə Azərbaycan da təmsil olunub. Xarici işlər naziri Ceyhun Bayramov konfransda çıxış edərək bildirib ki, Azərbaycanın zəlzələ nəticəsində baş vermiş dağıntıların aradan qaldırılması üçün Türkiyə hökumətinə və Türkiyə xalqına maddi dəstək olaraq 100 milyon dollar ayırıb. Ceyhun Bayramov baş vermiş dəhşətli fəlakətin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsinə istiqamətlənən konfransın təşkilinin təqdirəlayiq olduğunu bildirib. Bu xüsusda, dağıdıcı zəlzələlər nəticəsində böyük insan tələfatı, o cümlədən dağıntılar ilə üzləşən qardaş Türkiyə, habelə Suriya ilə həmrəylik ifadə olunub. Azərbaycanın bölgəyə 940 nəfər xilasedici, Türkiyənin zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon dollardan artıq maddi yardım göstərildiyi vurğulanıb.

Xatırlatmaq yerinə düşər ki, fevral ayının 6-da baş vermiş əsrin fəlakətindən bir neçə saat sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi göstərişi ilə bölgəyə xilasetmə dəstələri, tibbi personallar, 5 min tondan çox humanitar yardım göndərildi. Ölkəmiz işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirməsinə baxmayaraq, öz qardaşlıq dəstəyini də Türkiyədən əsirgəmir. Azərbaycanın dəstəyi əsl qardaşlıq münasibətinin əyani təcəssümüdür. Təbii ki Azərbaycan xalqı da bu yardımları dəstəkləyir. Təkcə zəlzələ baş verən günü Azərbaycanın bütün bölgələrindən müxtəlif yaş üçün isti geyimlər, ərzaq, digər gündəlik tələbat əşyaları gecə ilə yük maşınları vasitəsilə Türkiyəyə göndərildi.

 

“Azərbaycan xalqının qardaş Türkiyə xalqının yanında olması və yardımlarını göstərməsi

bir millət olmağımızın bariz nümunəsidir”.

Bunu kanalımıza deputat Aydın Hüseynov deyib. O əlavə edib ki, iki ölkə arasındakı bu qardaşlıq daim davam edəcək.

 

“Azərbaycan xalqı böyük həmrəyliklə Türkiyədə baş vermiş təbii fəlakətin ağrı-acısını  paylaşdı və yardıma tələsdi”. Bunu isə siyasi şərhçi İlyas Hüseynov deyib. O əlavə edib ki, Azərbaycan göndərilən xilasedicələr digər ölkələrdən gələn xilasedicilər içərisində həm saylarına görə, həm də fəaliyyətlərinə görə, birinci oldu.

 

Qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı ölkəsi adından Azərbaycanın növbəti yardımına görə xalqımıza təşəkkürünü bildirib.

 

Fuad Sadıqov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv