Azərbaycan Ukraynaya 1 milyon manatlıq YARDIM GÖNDƏRDİ
Qobu enerji qovşağı stansiyasındayıq. Ukraynanın müraciətlərinə cavab olaraq elektrik avadanlıqları ilə dolu humanitar yardım bu gün Ukraynaya yola düşür. Həmin elektrik avadanlıqlarını 4 TIR daşıyır.
Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı Ukraynanın ölkəmizdəki səfirinin və “Azerenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə yola salınıb.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski avadanlıqların xəstəxanalar və digər vacib obyektlər üçün nəzərdə tutulduğunu bildirib: “Bu gün kritik vacib yüklə dolu olan humanitar konvoy yola düşür, müxtəlif enerji sistemi avadanlıqları, transformatorlar, generatorlar yola salınır. Onlar xəstəxanalar və digər vacib obyektlər üçün nəzərdə tutulub. Bu, Azərbaycanın səmimi dostluğunun bariz nümunəsidir və biz, bunu çox yüksək qiymətləndiririk. Bunu heç zaman unutmayacağıq, Azərbaycan rəhbərliyinə və xalqına çox minnətdarıq. İnanıram ki biz, dostlarımızın köməyi ilə ayaq üstə dayanacağıq və mütləq qalib gələcəyik”.
“Azərenerji ASC”nin səlahiyyətli nümayəndəsi Səməd İslamov isə bildirib ki, baş verən hadisələr nəticəsində Ukraynanın infrastrukturuna çox ciddi zərər dəyib. Buna görə də, Ukrayna ərazisində enerji təminatı baxımından böyük problemlər yaşanır: “Məhz ona görə, Azərbaycan dövləti elektrik avadanlıqlarından ibarət növbəti yardımı Ukraynaya yola salıb. “Azərenerji ASC” tərəfindən göndərilən bu yardımda 45 güc transformatoru və 50 generator daxildir. Ümumi dəyəri 1 milyon 422 manat, çəkisi 52 ton olan yardımın ilk hissəsi yola çıxıb. Növbəti hissəsi isə yaxın günlərdə yola çıxacaq. Ukrayna xalqına tezliklə sülhün bərqərar olmasını arzulayırıq və bu yardımlar mütəmadi olaraq göndəriləcək”.
Qeyd edək ki, Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır. Bununla yanaşı, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib.