Azərbaycan və Bolqarıstanın Daxili İşlər nazirləri protokol imzaladı
Bakıda Azərbaycan və Bolqarıstanın Daxili İşlər nazirlərinin görüşü olub.
APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, görüş Bolqaristanlı nazirin Azərbaycana səfəri çərçivəsində baş tutub.
Azərbaycanın Daxili İşlər naziri Vilayət Eyvazov bolqarıstanlı həmkarının Sofiya şəhəri Daxili İşlər Direktoratlığının rəisi vəzifəsində çalışarkən Avropa paytaxt polis rəislərinin 2015-ci il avqust ayında Bakıda keçirilmiş 37-ci konfransında iştirakını yada salıb.
V.Eyvazov ölkəmizdə daxili işlər orqanlarında həyata keçirilən hüquqi-demokratik islahatlar barədə məlumat verib. Cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunduğunu diqqətə çatdırıb.
Bu səfərin iki ölkə nazirlikləri arasındakı əməkdaşlığın möhkəmləndirilməsində önəmli mərhələ olacağına əminliyini ifadə edib.
Mladen Marinov Bolqarıstanın ilk Daxili İşlər naziri kimi ölkəmizə səfərindən fəxr duyduğunu, Azərbaycan DİN-lə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb, rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, ölkəsindəki mövcud kriminogen durum, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Görüşün sonunda “Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokol imzalanıb.