Azərbaycan və Əfqanıstan Prezidentləri arasında görüş olub
Prezident İlham Əliyev oktyabrın 26-da Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
APA TV-nin məlumatına görə, Azərbaycanın dövlət başçısı rəsmi qonağı salamlayaraq, Qoşulmama Hərəkatının Bakı Sammiti çərçivəsində mühüm görüşlər keçirildiyini, xüsusilə bu tədbirdə Əfqanıstanın yüksək səviyyədə iştirak etdiyini qeyd edib. Bundan öncə də Bakıda bir neçə dəfə görüşdüklərini xatırladana dövlət başçısı Əfqanıstanın Azərbaycana dost ölkə olduğunu bildirib. İkitərəfli əlaqələrdə, siyasi təmasların gücləndirilməsində çox böyük irəliləyişə nail olunduğu, Azərbaycanın Əfqanıstanda sülhməramlı inkişafı dəstəklədiyi bildirilib. Əfqanıstanda Azərbaycan hərbçilərinin sayının artması bunun göstəricisi kimi dəyərləndirilib. Əfqanıstandan, Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin artdığı qeyd edilib.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Bakıda olmağından, Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyini qəbul etməsindən məmnunluğunu ifadə edib. Bunun Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində irəliləyişə səbəb olacağını deyən, Əfqanıstanın dövlət başçısı bu yolda ölkəsinin istənilən dəstəyi verəcəyini deyib. Əfqanıstan Prezidenti ikitərəfli əlaqələrin bu səviyyəyə çatmasını Azərbaycan Prezidentinin ABŞ-da etdiyi çıxışla bağlı olduğunu xatırladıb. Məhəmməd Əşrəf Qani gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə edib.