Azərbaycan və Kuba Prezidentləri arasında görüş olub

Prezident İlham Əliyev oktyabrın 24-də Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel ilə görüşüb.

APA TV-nin məlumatına görə, Prezident İlham Əliyev Prezident Migel Diaz-Kaneli qarşılayıb.

Birgə foto çəkdirilib.

Sonra Azərbaycan və Kuba prezidentlərinin görüşü keçirilib. Prezident İlham Əliyev Kubanın dövlət başçısını ölkəmizdə görməkdən məmnunluğunu bildirib və Migel Diaz-Kanelin Bakıya gəlməsini Qoşulmama Hərəkatına Kubanın verdiyi qiymət kimi dəyərləndirib.

Kuba Prezidenti seçilməyi münasibətilə Migel Diaz-Kaneli təbrik edən Azərbaycanın dövlət başçısı birgə səylərlə ikitərəfli münasibətləri inkişaf etdirmək üçün yaxşı imkanların olduğunu, Kuba Prezidentinin Azərbaycana səfərinin qarşılıqlı fəaliyyət yollarının müəyyənləşdirilməsi, əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıb.

Kubanın dövlət başçısı Azərbaycanda olmaqdan şərəf duyduğunu deyib, onunla görüşə vaxt ayırdığı üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Migel Diaz-Kanel Azərbaycana ölkəsinin hər zaman dəstək sözü verib, Raul Kastro Rusun salamlarını çatdırıb. Fidel Kastro Rus və Azərbaycanın Ümummilli lideri Heydər Əliyev arasındakı dostluq əlaqələrindən danışıb.

 

Azərbaycanla əlaqələrə önəm verdiklərini deyən Kuba dövlət başçısı ölkəmizdə neft-qaz sahəsində əldə olunan uğurları yaxından izlədiklərini, sovet dövründə 240-dan çox kubalı mütəxəssisin məhz Bakıda təhsil aldığını xatırladıb.

 

Prezident İlham Əliyev general Raul Kastro Rusun salamlarına görə minnətdarlıq edib. Ulu öndər Heydər Əliyevlə Fidel Kastro Rus arasında çox səmimi, dərin hörmətə və etimada əsaslanan münasibətlərin olduğunu qeyd edib.

 

Bəzi sahələrdə, eləcə də idman sahəsində əlaqələrin yaxşı olduğunu bildirən Azərbaycanın dövlət başçısı səhiyyə sahəsində Kuba ilə əməkdaşlıqda ölkəmizin maraqlı olduğunu deyib. Sonda hər iki Preziden ikitərəfli əlaqələrin inkişaf edəcəyindən əminlik ifadə edib.

Müəllif | Apa.Tv
Apa.tv