Azərbaycan və Türkiyə universitetləri arasında virtual Qarabağ Simpoziumu keçirilib

Qarabağın 30 illik erməni işğalından azad olunması ilə əlaqədar olaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, İstanbul Universitetinin Hüquq fakültəsi və Ankara Universitetinin Hüquq fakültəsi tərəfindən Qarabağ Simpoziumu keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbir Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı, İstanbul Universitetinin İDEAL Hüquq klubu və Hüquqi Araşdırmalar Klubunun təşkilatçılığı ilə virtual formatda düzənlənib.

 

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, prof. Əmir Əliyev, İstanbul Universiteti Hüquq fakültəsinin dekanı, prof. Ömer Ekmekçi, Ankara Universiteti Hüquq fakültəsinin dekanı prof. Muharrem Özən, Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadə, İstanbul Universiteti Hüquqi Araşdırmalar Klubunun sədri Bilal Tarık Duman və İDEAL Hüquq Klubunun sədri Abdulsamet Karaarslan açılış nitqləri çıxış edərək, Azərbaycan və Türkiyə dövlətləri arasındakı dostluq münasibətlərindən, simpoziumun keçirilməsinin əhəmiyyətindən danışıb, konfransın gedişinə uğurlar arzulayıblar.

 

Simpozium hər 3 Universitetin professor-müəllim heyətinin çıxışları ilə 3 sessiya şəklində YouTube-da canlı yayım vasitəsilə baş tutub.

 

İlk sessiya Prof., Dr. Fethi Gediklinin moderatorluğu ilə keçirilib. Sessiyada Prof., Dr. Fethi Gedikli “XIX əsrin əvvəllərində qarabağ probleminin yaranması” mövzusu ilə, Dos., Dr. Boran Əziz isə “Sovetlər Dövründə Qarabağ Tarixi” mövzusu ilə çıxış edib.

 

İkinci sessiya Prof., Dr. Əmir Əliyevin moderatorluğu ilə baş tutub. Sessiya ərzində Prof., Dr. Əmir Əliyev “Ermənistanın törətdiyi beynəlxalq cinayətlər və beynəlxalq hüquqi məsuliyyət məsələləri” mövzusunda, Dos., Dr. Ülkü Halatçı Ulusoy “Qarabağın işğalı dövrü - insan hüquqlarının pozulması” mövzusunda, dos., h.ü.f.d. Aytəkin İbrahimova və h.ü.f.d Gülnaz Rzayeva “İnsan hüquqları kontekstində Azərbaycan-Ermənistan münaqişəsi” mövzusunda mühazirə ediblər.

 

Üçüncü sessiya Prof., Dr. Cüneyt Yüksəlin moderatorluğu ilə keçirilib. Son sessiyada Dos., Dr. Cavid Adullazadənin “Müharibə hüququnda tərəflərin öhdəlikləri” mövzusunda, Prof., Dr. Cüneyt Yüksəlin “Atəşkəs razılaşmasının beynəlxalq hüquqi qiymətləndirilməsi” mövzusunda, Prof., Dr. İbrahim Kayanın “Minsk Qrupu və beynəlxalq vasitəçilik” mövzusunda çıxışları baş tutub.

 

Simpoziumda hər 3 universitetin hüquq fakültəsi və qeyri-hüquq fakültəsi tələbələrinin iştirakı təmin olunub, hər sessiya dinləyicilərin suallarının cavablandırılması ilə  yekunlaşıb.

 

Tədbirin sonunda iki dövlət arasında hüquq elmi və təhsili sahəsində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivləri müzakirə edilib.

Müəllif | Apa.Tv
Apa.tv