Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər

“Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılması iki ölkənin müasir dövrdə informasiya müharibəsində gücünü artıracaq”.

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsinin  müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib: “44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin televiziyaları və qəzetləri Azərbaycanın haqlı səsini bütün dünyaya çatdırdı. Beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə mübarizə bu sənəddən sonra daha mükəmməl şəkildə təşkil olunacaq”.

 

Memorandumun müddəalarından birinin qaralama kampaniyasına qarşı birlikdə mübarizə aparmaq olduğunu deyən deputat Zahid Oruc isə bildirib ki, ordular arasında ittifaq nə qədər əhəmiyyətlidirsə, informasiya sahəsində də bu ittifaqın qurulması o dərəcə əhəmiyyətlidir: “Biz 44 gündə Türkiyə və Azərbaycanın informasiya məkanının birləşdiyini gördük. Türkiyənin aparıcı kanalları Ali Baş Komandanla müsahibələr hazırladı, bu müsahibələri bütün dünyaya yaydı. Ümidvarıq ki, hər iki ölkənin media qurumları dünyada özlərini daha sistemli təmsil etmək üçün çalışacaq. Ortaq media platformasının əhatə dairəsi KİV-i aşır. Bu mövzuda ortaq filmlər də çəkilməlidir. Memoranduma başqa dövlətlərin təmsilçiləri də qoşula bilər”.

 

Deputat Azay Quliyev qeyd edib ki, imzalanan sənəd həm Azərbaycan, həm də Türkiyə üçün gələcəkdəki hədəflərə çatmaq üçün çərçivə rolunu oynayacaq: “Bu memorandumda konkret birgə əməkdaşlığın təməl prinsipləri müəyyənləşib. Bu gün informasiya müharibəsi davam edir. Şübhəsiz ki, bu müharibənin arealı daha da genişlənəcək. Azərbaycanda Media  Agentliyinin yaradılması da bu baxımdan əhəmiyyətlidir. Bu agentlik türkiyəli həmkarları ilə əməkdaşlıq üçün İş planı hazırlamalıdır. Bu gün informasiya savaşında Türkiyənin dəstəyinə daha çox ehtiyacımız var. Bu memorandumun imzalanması bizim üçün tarixi əhəmiyyətlidir”.

 

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

 

Qeyd edək ki, sənədə əsasən, Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması həyata keçiriləcək. Eyni zamanda sənəddə bildirilir ki, Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.

 

Həmçinin iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanun bir oxunuşda qəbul olunub.

 

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

 

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv