Azərbaycan vətəndaşı olmaq üçün 200 min xərcləməlisən?

Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 100 min manat dəyərində dövlət qiymətli kağızlarına sahib olduqda müvəqqəti yaşamaq üçün icazə veriləcək.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, bir sıra ölkələr xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin qarşısına daimi və ya müvəqqəti yaşaması, vətəndaşlıq alması üçün müəyyən məbləğdə investisiya yatırmaq kimi tələblər qoyurlar.

Başlıca məqsəd isə ölkəyə vəsaitin cəlbi, kapital axınının təmin edilməsidir.

İqtisadçı qeyd edib ki, son vaxtlar məşğulluğun artması, qiymət səviyyəsinin yaşamaq üçün münasib olması bir çox xarici vətəndaşların Azərbaycana olan marağının artmasına səbəb olub.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyadan əsasən, İT sahəsində çalışan və bir qədər imkanlı şəxslərin yaşamağa daha əlverişli olan ölkələrə köçü müşahidə edilib. Bu isə həmin ölkələrin iqtisadi inkişafına müsbət təsir göstərib. Belə ölkələr sırasında Azərbaycan da əsas yer tutur.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov isə bildirib ki, Azərbaycanda miqrasiya ilə bağlı qanunda dəyişiklik edilməsi artıq 2-3 ildir təklif olunur. Bu zaman həm iqtisadi aspektlər, həm də əmək siyasəti ilə bağlı mövcud vəziyyət nəzərə alınır.

Ekspert onu da əlavə edib ki, sahibkar miqrantlar Azərbaycanda mövcud qanunvericiliyə əsasən, iş icazəsi ilə müvəqqəti yaşamaq hüququna malik olurlar. Lakin son illərdə müşahidə edilən vəziyyətə görə, bu imkandan sui-istifadə edənlər də olurdu.

Sonda isə ekspert qeyd edib ki, qanuna təklif olunan dəyişikliyə görə, Azərbaycanda müvəqqəti yaşamaq üçün minimum 100 min manat kifayət qədər uyğun məbləğdir ki, əcnəbilər burada mülkiyyət sahibi olsun.

Lakin əmlak bazarında 100 min civarında olan daşınmaz əmlak tez satıldığı üçün daha baha qiymətə olan əmlaklar qalırdı və istehlakçılar narazılıq edirdi.

Yeni dəyişikliyə görə isə həmin məbləğin 200 min manata qaldırılması xarici vətəndaşın cibinə uyğundursa, o burada daimi yaşamaq hüququna malik olacaq.

Müəllif | Apa.Tv
Apa.tv