Azərbaycana Avropadan yeni qoyun cinsi gətirilib
Azərbaycanda xarici ölkələrdən məhsuldar heyvan sortlarının gətirilməsinə maraq artıb.
APA TV-nin xəbərinə görə, təchizatçı şirkətlər və sahibkarlar tərəfindən ölkəmizə gətirilən yeni iribuynuzlu və xırdabuynuzlu heyvanların yerli təsərrüfatlarda yetişdirilməsi genişlənir.
Bu günlərdə “Aqronavt” MMC şirkəti tərəfindən Azərbaycana Avropadan məşhur Laqun qoyunları gətirilib. Qəbələdə fəaliyyət göstərən fermer təsərrüfatının sahibi Kərim Hüseynovun sözlərinə görə, bu qoyunlar yerli sortlardan südlük və ətlik xüsusiyyətləri ilə seçilir, eyni zamanda yerli iqlim şəraitinə sürətlə uyğunlaşırlar: “Respublikada heyvandarlığın inkişafı ilə bağlı proqram hazırlanıb. Həmin proqramda qoyunçuluğun inkişafı ilə bağlı hədəflər müəyyənləşdirilib. Biz fermerlər çalışırıq ki, qoyunçuluğu inkişaf etdirək. Respublikada qoyunçuluğu inkişaf etdirmək məqsədilə Avropa ölkələrindən xüsusi cins - Laqun cinsindən qoyun gətirmişik. Laqun cinsinə mənsub olan qoyunlar balavermə qabiliyyətinə görə yerli qoyunlardan üstündür. Bu cinsdən olan qoyunların artım qabiliyyəti yüksəkdir. Laqun qoyunlarının əksəriyyəti əkiz balalayır. Bu da sürünü artırmaq üçün mühüm şərtdir”.
Təsərrüfat sahibi deyir ki, Laqun qoyunlarının südlük və ətlik keyfiyyətləri çox yüksəkdir: “Laqun cinsinə mənsub olan qoyunların üstünlüyü ondadır ki, bu cinsdən olan qoyunlar 3 litrə yaxın süd verir. 3,5 ay ərzində kiloqram ət verir. Bu qoyunlarda südün yağlılıq dərəcəsi 8%-dir. Süddə yağlılıq dərəcəsinin yüksək olması əla keyfiyyətli pendir istehsalına imkan verir. Düşünürük ki, respublikada süd istehsalının artırılmasında bu cinsin çox böyük rolu olacaq. Ümumilikdə Avropadan 700 baş Laqun cinsinə məxsus qoyun gətirməyi planlaşdırırıq. Artıq 400 baş gətirmişik, 300 baş qoyun isə yaxın zamanlarda gələcək. Pendir istehsalını artırmaq, süd satışı ilə məşğul olmaq istədiyimiz üçün gələcəkdə Laqun cinsindən daha 2000 baş qoyun gətirməyi planlaşdırırıq”.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, Azərbaycanda heyvanların damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən ciddi dəstək tədbirləri həyata keçirilir. Xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəştli ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir: “Südlük və ətlik keyfiyyətləri yüksək olan heyvanların damazlıq məqsədilə ölkəmizə gətirilməsi ənənə halını alıb. Dövlət bu prosesi dəstəkləyir. Sahibkarlar, təchizatçı şirkətlər, fermerlərimiz beynəlxalq kənd təsərrüfatı sərgilərində iştirak edərək xarici cins sort heyvanların xüsusiyyətlərini yerində öyrənir, yerli iqlim şəraitinə sürətlə uyğunlaşa bilən heyvan sortlarını alaraq ölkəmizə gətirirlər. Laqun qoyunları da yerli şəraitə sürətlə uyğunlaşan, südlük istiqamətli qoyun sortudur. Avropada çox bahalı pendir sortlarından olan Rokfor pendiri məhz bu qoyunların südündən hazırlanır. Hesab edirik ki, xaricdən damazlıq qoyun sortlarının gətirilməsi heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcək”.
Qeyd edək ki, Laqun qoyunları südlük istiqamətli sort sayılsa da, bu sortun ətlik keyfiyyətləri də yüksəkdir. Laqun qoyunlarının ətində mərmərləşmə dərəcəsi yüksək olduğuna görə bu ət ən keyfiyyətli ət növlərindən sayılır.