Azərbaycana növbəti partiya vaksin gətirildi

Çindən Azərbaycana növbəti vaksin partiyası gətirilib.

 

APA TV-nin məlumatına görə, Çinin “Sinovac”şirkətinin istehsalı olan “Coronavac” vaksininin növbəti partiyası bu gün ölkəyə çatdırılıb.  

 

Səhiyyə nazirinin müavini Viktor Qasımovun sözlərinə görə, 10 gün əvvəl, yəni martın 21-də Çinlə Azərbaycan arasında bağlanan 5 milyon doza ilə bağlı müqaviləyə əsasən Azərbaycana bu gün peyvənd gətirilib: "Müqavilə əsasında ilk peyvənd partiyası bu gün Azərbaycana gətirildi. Peyvənd işlərini nə qədər sürətlə aparsaq, ölkədə epidemioloji vəziyyət o qədər stabilləşəcək".

 

Nazir müavini onu da qeyd edib ki, hazırda Rusiya istehsalı olan "Sputnik V" vaksininin Azərbaycana gətirilməsi istiqamətində də danışıqlar aparılır.

 

Xarici İşlər nazirinin müavini Ramiz Həsənov isə bildirib ki, Çin məsuliyyətli tərəfdaş olaraq COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanla əməkdaşlıqda öz öhdəliklərini layiqincə yerinə yetirir: "Ümidvarıq ki, bizim bu əlaqələrimiz yüksək səviyyədə, yüksək temp və dinamika ilə inkişaf edəcək".

 

Qo Min qeyd edib ki, dünyada pandemiyanın yayılmasından sonra Çin və Azərbaycan bu çətinliyi aşmaq üçün bir-birinə böyük mənəvi, maddi dəstək verib, lazımi təcrübələrini bölüşüblər: “Hazırda dünyada yenə pandemiya yayılır. Azərbaycan hökumətinə yaranan çətinliyi aşmaq və pandemiya üzərində yekun qələbə əldə etmək üçün Çin hökuməti yaxın zamanda təmənnasız 150 min doza vaksin göndərmək barədə qərar qəbul edib”.

 

Səfirin sözlərinə görə, bir neçə gündən sonra Azərbaycana vaksinin ikinci, üçüncü partiyası da gətiriləcək.

 

Qeyd edək ki, Azərbaycanda vaksinləşmə prosesinə bu il yanvarın 18-dən start verilib. İndiyədək ölkədə ümumilikdə 547 541 nəfər vaksinasiyadan keçib.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv