Azərbaycanda 28 yaşlı oğlanı kim qul kimi satdı?

APA TV-yə daxil olan məlumat əsasında yola çıxırıq. Yolumuz Füzuli istiqamətindədir. İddialar isə tük ürpədicidir. Söhbət 28 yaşlı gəncin taleyindən gedir. Röyal Vidadi oğlu Cəfərov deyir ki, ailəsi kimi bildiyi insanlar tərəfindən əməyi istismar olunub. İşlədiyi yerdə isə min-bir əziyyət görüb:  “Deyirdi ki, uşağı apar işlət, pulu da gətir. Ayın axırı olanda maaşı gətir. - Nə qədər pul verirdi? -150 manat. Yemək-içməyin, yatacağın, oralar necə idi? – ora pis gündədir. Özünüz də gedin görün, necə yerdir, orda necə qalıram. ”

Röyal Cəfərov Ağcabədi rayonunda doğulub. Ailədə üç qardaş, iki  bacı olublar. Bir qardaşı Səfa, yol qəzasında vəfat edib. Bacısı Lamiyə Cəfərova Zərdab rayonuna gəlin köçüb. Digər qardaşı Xəyal Cəfərov İsmayıllı rayonunda yerləşən kafelərdən birində çalışır. Digər bacısı Şəlalə isə əqli qüsurludur. Röyal və bacısı Şəlalə analarının vəfatından, atalarının onları tərk etməsindən sonra Ağcabədi rayon Cəfərbəyli kəndində, dayısının himayəsində yaşamağa başlayıblar. Röyal deyir ki, himayəsində olduğu dayısı Ramiz onu düz 10 il Nəsib adlı şəxsin fermasında kölə kimi işləməyə məcbur edib:  “Nəsibin fermasında on il işləmişəm. – Nəsib kimdir? Hansı kənddə yaşayır? – Cəfərbəyli. Sənə fermada nə işlər gördürürdü? Qoyun otarırdım. On hektar yer sulayırdım. Onun bağında ağacdan qoz çırpırdım. Pul istəmisən onlardan? Nəsibdən pul istəmisən? ki, on il işləmişəm pulumu ver.  Vermirdi, deyir pul dayına çatacaq.”

Əynində nimdaş paltar, havanın soyuq və çiskinli olmasına baxmayaraq ayağı yalın olan müsahibimizi görəndə dediklərinə inanmamaq olmur. O, fermanı tərk etdikdən sonra Füzuli rayonunda yerləşən mal-qara fermasına sığınıb. Dayısı isə polisə müraciət edərək onun oğurlanması barədə məlumat verib. Röyal deyir ki, fermanı öz istəyi ilə tərk edib: “Özüm getmişəm. Məni bezdirirdi. Mən də çıxdım getdim. – Nə deyib bezdirirdi? Dalaşırdı, məni söyürdü, incidirdi. Deyirdi ki, qoyunumu, heyvanımı vurmusan, itirmisən.”

Müsahibədə tez-tez adı çəkilən ferma müdiri Nəsibi isə Ağcabədi rayon Cəfərbəyli kənd ərazi nümayəndəsi Nəsib Vəliş oğlu Nəsibovdur. Məsələ ilə bağlı adı çəkilən şəxslə əlaqə saxladıq. Zəngimizə cavab verən Nəsib Nəsibov Röyal Cəfərovun danışdıqlarının xeyli hissəsini təsdiqləyir: “Röyal bizim çəkilişlərimizdə iddia edir ki, siz onun əməkhaqqısını dayısına vermisiz. - Dayısına yox, bibisinə.  Bibisinə vermisiniz. Çünki bibisi onların qəyyumudur. - Əməkhaqqı niyə bibiyə getməlidir? –Çünki qəyyumu bibidir. - Axı adam yetkinlik yaşına çatıb. - Axı onun xəstə bacısı da var. Bibinin himayəsində bundan başqa onun xəstə, özünü idarə edə bilməyən bacısı var.”

Röyal deyir ki, dayısı bütün sənədlərini əlindən alıb. İfadə vermək üçün onu Ağcabədi Rayon Polis Şöbəsinə apardığımız zaman isə bibim dediyi dayısı arvadı ilə qarşılaşdıq. Çəkiliş etməyə icazə vermədiyindən hazırda həmin kadrları sizə təqdim edə bilmirik.

Röyalın dayısı ilə əlaqə saxlamağa çalışırıq. Telefon zənglərimizə cavab vermədiyindən yaşadığı ünvana üz tuturuq. Bizi burda polis şöbəsində qarşılaşdığımız dayısı arvadı Sənubər Cəfərova qarşılayır.

Suallarımızı cavablandıran Sənubər Cəfərova da Röyalın və onun müdiri Nəsib Nəsibovun dediklərini demək olar ki, təsdiqləyir. Röyala görə, Nəsibdən aldığı pulu hara sərf etdiyini də deyir:  “Xalaları da bilir, xalası uşaqları da bilir, qonum-qonşu da bilir, bunu hamı bilir. Hamı bilir ki, işləyən budu. Ayda da 150 manat ferma sahibi onun pulun verir. O pul sizə çatır? Hə, mənə... mənə... Gətirir burda verir mənə, çıxır gedir. Bəs o pul hansı istiqamətdə sərf olunur? Hansı istiqamətdə sərf olunur? Xəstə bacısı var evdə onun dərmanına verirəm...”

Xəstə bacısı dedikdə Şəlalə Cəfərova nəzərdə tutulur. Royalın hazırda dayısı evində qalan yeganə bacısıdır. Sənubər Cəfərova bizə Şəlalənin xəstəliyə görə pensiya almadığını bildirdi. Ancaq Sənubər Cəfərova Röyalın fermada 10 il işləməsi ilə bağlı iddialarını də təkzib edir: “Röyalın iddialarına görə, orada təxminən 10 ildir işləyir. On il olmaz, yox. Neçə ildir? Təxminən 6-7 il olar. Aylıq 150 manat alır? Yox, 150 deyildi. Olar ki, bir ildir 150 olub. 100 manat idi. Onu da mən dedim. Dedim bu azdır, bunları görmür.”

Müsahibimiz Röyalın sözügedən fermadan oğurlanaraq aparılmasına da öz fikrini bildirir. Deyir ki, bu barədə polisə şikayət edib: “Onu Anar öyrədib, oradan çıxartdı. Özü də necə olub, mən sənə elə danışacam. Mən Anardan şikayətçiyəm, şikayətimin də dalında durmuşam. Bilirsən necədir? Anar, səninlə giley edir, Nəsibdən? Gəl de ki, ay Sənubər, ay xala, ay bibi, bəs bu uşağa filankəs orada gün vermir. Bunu da elə, belə bir adam – sən götür mənim uşağımı oğurla, gecə xalqın fermasını tök ora... Bəlkə elə başqasının fermasını yığıb aparalar. Mənim pulum var gedib Nəsibə heyvan alam, verəm...?” 

Məsələdə adı çəkilən Anar Ağayarovla əlaqə saxlayırıq. O, məsələ ilə bağlı danışmağa etiraz etmir və Röyalı dəfələrlə orada gördüyünü, onunla həmsöhbət olduğunu bildirir. Qeyd edir ki, Röyal Cəfərova özünə yeni iş yeri tapması üçün köməklik göstərib: “Bəli, orda işləyirdi, Nəsibin fermasında işləyirdi. Mənim sahəm var, o fermaya yaxın. Su sulamağa hər gedəndə onu orda görürdüm. -Əziyyət çəkməyinin şahidi olmusunuz? Bəli-bəli... Bütün yük o uşağın üstündə idi. Heyvan otarırdı, bağı becərirdi, sahə sulayırdı. Bütün hamısını o edirdi. Özü danışırdı ki, dayısı onu verib Nəsibə. “Dəfələrlə qaçmışam dayımın evinə. Demişəm ki, məni ora verməyin çox əziyyət verirlər mənə. Dəfələrlə qaçmışam dayımın yanına, dayım məni Nəsibin yanına göndəribdi”. Bunu mənə deyirdi. Mənən deyirdi mənə başqa ferma tap çıxım gedib orada işləyim”.

Anar Ağayarovla həmsöhbət olduqdan sonra yenidən Cəfərbəyli kəndinə gedib, Nəsib Nəsibovla əlaqə saxlayırıq. O, Röyal fermada olmadığına görə, təsərrüfat işləri ilə özünün məşğul olduğunu, bizimlə görüşə gələ bilməyəcəyini bildirir.

Qeyd edək ki, Röyalın polisə verdiyi ifadə əsasında ailəsi polisə dəvət olunub. Adı çəkilən şəxslər ifadə verdikdən sonra onlar barışıb və Röyal ailəsindən şikayətçi olmayıb.

Röyal Cəfərovun yetkinlik yaşına çatmasına baxmayaraq onun qəyyumluqda qalmasını dəstəkləyən bir qanun, bir maddə tapa bilmirik. Bunu da bilirik ki, vətəndaşın ağır şəraitdə, qeyri müəyyən iş saatında çalışdırılması qanunvericilikdə öz əksini tapmayıb. Həmçinin bu suala da cavab axtarırıq ki, səbəb nə olursa olsun, necə olur ki, cəmi 150 manatlıq aylıq məvacibi şəxsin özünə yox başqasına ödənilir?  Hələ onu demirəm ki, orta aylıq əməkhaqqı 250 manat olduğu halda, hansı qanuna əsasən bu vətəndaş 150 manata çalışır? Suallarımıza cavab tapmaq üçün “Norma” hüquq mərkəzinin direktoru Şamil Paşayevlə əlaqə saxladıq.  “Əmək müqaviləsi olmadan işlədilməsidir, şəxsə aid olmayan işlərin gördürülməsidir, azadlığın məhdudlaşdırılması ilə, sənədlərin girov götürülməsi ilə şəxsin işlədilməsidir və 250 manat minimum əməkhaqqı olduğu halda cəmi 150 manata qədər pul verilməsi - bu da qanunsuzdur. Həmin o 150 manatı şəxsin özü deyil, başqa adamın almğı ikinci bir qanunsuzluqdur.  Hər hansı bir şəxsi öz könüllü iradəsinin əksinə əməyə cəlb etmək olmaz.  Əgər bu qabacadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilsə, təkrar törədildisə 7 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Əmək müqaviləsi olmadan vətəndaşı hər hansı işlərə cəlb etməkdən söhbət gedir. Bunun özü də 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ”

Şamil Paşayev həmçinin onu da qeyd etdi ki, əgər şəxsin iddiaları doğrudursa cinayət işi açılmalı və obyektiv istintaq işi getməlidir.

Elgün Gəncimsoy, Arzu Quliyev, Nurlanə Hacıyeva APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv