Azərbaycanda 4 redaktor birdən istefa verdi: Rusiyanın bəyanatını yaymadılar
“Sputnik-Azərbaycan”ın rus dili versiyasının redaktorları dünən tam tərkibdə istefa veriblər.
Bu barədə redaktorlar sosial şəbəkə hesablarında məlumat yayıblar.
Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva feysbuk paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də milli maraqlarımızı bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar. Belə ki, redaktorlardan Müdafiə Nazirliyinin “Qisas” əməliyyatı ilə bağlı Azərbaycanın rəsmi mövqeyini təkzib edən Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatını vermək tələb edilib. Hər 4 redaktor bundan imtina edərək istefa ərizələrini yazıb, rəhbərliyə təqdim ediblər.
Gülzar Mustafayeva və Cəmilə Əfəndiyeva ilə əlaqə saxlayıb bəzi təfərrüatları öyrəndik: “Biz ölkəmizə qarşı edilən heç bir çıxışda iştirak etməyəcəyik. Bu cür zorakılıqlar daha yumşaq formada bir neçə dəfə də olub. Vitali Alekseyviç adlı bu insan əvvəl 5 il “Sputnik”ə Cənubi Asiyada rəhbərlik edirdi, həmçinin keçmiş polkovnikdir. Bu gün həmin insan öz kollektivinə deyib ki, o qızlar məni şantaj etməyə çalışırdılar, onlar tərbiyəsiz və savadsızdırlar. Elə bu səbəbdən də mən onları işdən çıxartdım. Vitali Denisov gələndən heç bir kompramis getmir. Rus bölməsinin 4 redaktoru var və bu 4 redaktorun birdən-birə istefaya getməsi də elə-belə məsələ deyil. İndiyə kimi sakit qalmasının səbəbi də Moskva ilə razılşmasıdır. Onların bizim yerimizə adamları var idi, qoyublar. Dünən çıxmışıq, bu gün yerimizə yeni təyinatlar var. Görünür bu qabaqcadan planlaşdırılmış işdir. Çox böyük təzyiqlər olub bizə, stersslər olub, biz burdakı rəhbərliklə də mübarizə aparmışıq, Moskvaya da yazmışıq. “Sputnik-Armeniya”nın saytında da ölkəmizə qarşı yazı görəndə sildirmişik. Biz işdən çıxandan sonra xəbərlər alırıq ki, bizi cəzalandırmaq istəyirlər. Düşünürük ki, biz necə dövlətimizi müdafiə etmişik dövlətimiz də bizi müdafiə edəcək və yeni rəhbərliyin fəaliyyətinə nəzarət daha ciddi olacaq”.
Ölkə gündəmini zəbt edən sözügedən məsələ ilə bağlı “Sputnik-Azərbaycan”ın baş direktoru Vitali Denisovla əlaqə saxladıq: “Sözügedən əməkdaşlar redaksiyanın daxili siyasəti ilə razılaşmadıqları üçün öz ərizələri ilə işdən çıxıblar. Mən burada 5 aydır ki, işləyirəm. Deyə bilərəm ki, mən burada olduğum müddətdə belə bir hadisə baş verməyib. Məndən əvvəl nə baş verib deyə bilmərəm, amma bu mənim vaxtımda baş verən ilk belə hadisədir”.
Xatırtladaq ki, bu ilin mart ayında “Sputnik-Azərbaycan” nümayəndəliyinin rəhbərliyində dəyişiklik baş verib. Azərbaycanlı jurnalist Əziz Əliyevin yerinə rusiyalı Vitali Denisov büroya rəhbər təyin edilib.